Siyasət 31 Oktyabr 2023, 14:05 | Baxış sayı: 143
“Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməklə reallaşması A planıdır, əlbəttə, B planımız da var”

“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalanması üçün bu günlərdə üç prinsip irəli sürüb. Həmin prinsiplərdən biri iki ölkə arasında kommunikasiyaların bərpası ilə bağlıdır. O, bu məsələdə Zəngəzur dəhlizinin adını çəkmədi. Adətən Paşinyan bu dəhlizin adını çəkmir. Amma hər halda söhbət Zəngəzur dəhlizindən gedir. Prinsip etibarilə, Paşinyan bu dəhlizin açılmasına razı olduğunu bildirir. Lakin başqa məqam da var. O deyir ki, dəhlizlərin keçdiyi ərazilər ölkənin suveren əraziləridir. Orada Ermənistanın gömrük, sərhəd və təhlükəsizlik xidmətlərinin nəzarəti həyata keçirilməlidir. Bilirsiniz ki, 10 noyabr sənədinə görə, Zəngəzur dəhlizi boyunca təhlükəsizlik məsələlərinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət etməlidir. Paşinyanın prinsipində isə Rusiyaya yer qalmır, Rusiyadankənar proseslərdən söhbət gedir. Bu da yəqin ki, Moskvanı narazı salan məqam olacaq...” 

 

Bu sözləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib. 

 

Deputat bildirib ki, Paşinyan prinsipcə Zəngəzur dəhlizinin işə düşməsinə razılıq versə də, burada Moskva ilə razılışadırılmalı məqamlar var: “Buna görə də məsələ hələ də qəlizliyini qoruyub-saxlayır. Ermənistan ərazisindən keçməklə Zəngəzur dəhlizinin reallaşması Azərbaycan üçün A planıdır. Əlbəttə, bizim alternativimiz, B planımız da var. Həmin plan İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı quru əlaqəsinin təmin edilməsini özündə ehtiva edir. Oktyabrın 6-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə iranlı həmkarı arasında bu istiqamətdə ilkin addımlar atılıb. Ağbənd ərazisində və Naxçıvanda körpü tikintisi ilə bağlı proseslərə start veriləcək. Nəticədə, İrandan keçməklə Naxçıvanla quru əlaqəsi yaradılması reallaşdırıla bilər. Yəni Ermənistan düşünsün, ölçüb-biçsin, çünki Ermənistanın tutduğu yol nəticədə özünün blokadada, təcrid olunmuş vəziyyətdə qalmasına xidmət edir. Paşinyan düşünsün və nəticə çıxarsın”. 

pravda.az

 

Xəbərlər