Siyasət 19 İyun 2023, 18:15 | Baxış sayı: 148
"Zəngəzur dəhlizi məsələsində heç kim Azərbaycana maneə ola bilməyəcək..."

Rusiya baş nazirinin müavini Aleksey Overçuk yerli mətbuata verdiyi müsahibədə deyib ki, Azərbaycan ən qısa zamanda Naxçıvanla birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır. Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri onların ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə istər Azərbaycanda, istərsə də Ermənistanda yerli qanunvericilik tətbiq olunacaq. Bundan əlavə, dəmir yolunun İran və Türkiyəyə doğru uzanacağı göz qabağındadır ki, bu da onu Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevirəcək.

 

İndiki şəraitdə Azərbaycanın Naxçıvanla birbaşa nəqliyyat yarada bilməməsinin əsas səbəbi nədir? Naxçıvanla birbaşa nəqliyyatın əldə edilməsi Zəngəzur dəhlizinin tezliklə açılmasına zəmin yaradacaqmı? Bu barədə millət vəkili Bəhruz Məhərrəmov siyasi şərh edərkən bunları bildirdi:

"Bu gün möhtərəm cənab Prezident elə bir geosiyasi konfiqurasiya formalaşdırıb ki, artıq Zəngəzur dəhlizinin olub-olmaması müzakirə, mübahisə mövzusu deyil. Azərbaycan öz tərəfindən işlərin 80%-nə yaxınını artıq başa çatdırıb, eyni zamanda cənab İlham Əliyev Çindən Böyük Britaniyaya qədər dünyanın iri iqtisadi və siyasi güclərini bu prosesdə maraqlı tərəfə çevirib. Artıq Ermənistan və onun havadarları bütövlükdə qlobal maraqların ehtiva edildiyi Zəngəzur dəhlizinə maneə törədəcək güc olmadıqlarını başa düşürlər.

Bu mənada Avropa Parlamentində tələm-tələsik müzakirələr, Fransanın yenidən Ermənistanla birlikdə aktivləşməsi, eyni zamanda Azərbaycan-Ermənistan şərti sərhədində son günlər yaşanan təxribatlar, bütün bunlar Ermənistanın və onun havadarlarının son çırpınışlarıdır. Son nəticədə Paşinyan özü də, eyni zamanda onun komandası da, bağlı olduğu dairələr də anlayır ki, 44 günlük Vətən müharibəsində və ondan sonrakı proseslərdə olduğu kimi Zəngəzur dəhlizi məsələsində heç kim Azərbaycana maneə ola bilməyəcək. Çindən Böyük Britaniyaya qədər uzanan yolun üzərində yerləşən bütün tərəflər öz resurslarının dünya bazarına çıxarılması və Qərblə kommunikasiyanın, Qərblə Şərqin kommunikasiyasının təmin edilməsində Zəngəzur dəhlizinə alternativsiz və ən təhlükəsiz kommunikasiya xətti kimi baxırlar.

Digər tərəfdən də Paşinyan və onun Qərbdəki müttəfiqləri də Azərbaycanın artan gücünün fərqindədirlər və görürlər ki, cənab İlham Əliyev artıq nəinki Qərb üçün yaxın tərəfdaş, eyni zamanda Avropanın bir sıra dövlətlərinin enerji təhlükəsizliyində, dolayısı ilə milli təhlükəsizliyində artıq pay sahibidir. Belə olan halda, əlbəttə ki, cənab İlham Əliyevin Zəngəzur dəhlizi ideyasını reallaşdıracağına heç kimin şübhəsi yoxdur və eyni zamanda Ermənistan özü də bunun fərqindədir. Moskvanın yanaşmasına gəlincə, Rusiya 10 noyabr üçtərəfli Bəyanatında Zəngəzur dəhlizi ilə bağlı öz mövqeyini ifadə edib. Rusiyada yaxşı başa düşülür ki, bu gün Zəngəzur dəhlizi Moskva üçün sözün əsl mənasında nəfəslik rolunu oynaya bilər.

Bu günə qədər bu prosesin ləngiməsində sadəcə Ermənistan və onun havadarlarının qeyri-konstruktiv mövqeyi olub, amma məsələnin digər məqamı ondan ibarətdir ki, bu müddət ərzində Azərbaycan proseslərin heç birində ləngiməyə yol verməyib. Yəni bu müddət ərzində həmin ərazilər həm minadan təmizlənib, eyni zamanda dəmir yolu və paralel olaraq avtomobil yolu çəkilib. Bu gün daha çox gündəmdə Ermənistan ərazisindəki təqribən 43-44 km-lik hissədə kommunikasiya xətlərinin qurulmasıdır ki, artıq bunun da bizim qarşımızda ciddi maneə olmadığını hər kəs bilir."

Mənbə: visiontv.az

Xəbərlər