Siyasət 27 İyul 2021, 17:04 | Baxış sayı: 345
"Zəngəzur dəhlizi işə salındıqdan sonra qardaş Pakistandan Türkiyəyə qədər olan nəqliyyat xəttinin səmərəli fəaliyyəti reallığa çevriləcək".

“Zəngəzur dəhlizi həm də qardaş Pakistandan Türkiyəyə, Azərbaycana qədər yeni koridoru təmin edəcək”.

Bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə Milli Məclisin sədri Sahibə Qafarova bildirib.

S Qafarova deyib ki, bu gün artıq Zəngəzur dəhlizinin bərpa olunması üçün addımlar atılır: "Bu, Türkiyə ilə Azərbaycan arasında birbaşa və daha səmərəli əlaqəni təmin edəcək bir dəhlizdir. Bildiyiniz kimi, Xəzər dənizi vasitəsilə Əfqanıstan və Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə birləşdirən Lapis Lazuli dəhlizi regional nəqliyyat əlaqələrini getdikcə genişləndirməkdədir. Zəngəzur dəhlizi işə salındıqdan sonra qardaş Pakistandan Türkiyəyə qədər olan nəqliyyat xəttinin səmərəli fəaliyyəti reallığa çevriləcək. Bu, tarixən bir-birinə yaxın olmuş xalqlarımız arasında əlaqələrin yenidən canlanmasını təmin edərək, onların rifahının yüksəlməsinə böyük töhfə verəcək".

Spiker qeyd edib ki, üçtərəfli format çərçivəsində görüşlərin davamlı keçirilməsi vacibdir: “Bu platforma ölkələrimizin daha sıx birləşməsinə imkan yaradacaq. Üçtərəfli Görüş çərçivəsində Bakı Bəyannaməsi qəbul ediləcək. Bəyannamədə parlamentlərarası dialoq, ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, beynəlxalq təşkilatlarda birgə addımlar atmaq, beynəlxalq məsələlərin həllinə parlament dəstəyinin təmin olunması əhəmiyyətli olacaq. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsinə dəstəyi də mühüm hesab edirəm”.

Xəbərlər