Plenar iclaslar 1 Fevral 2024, 13:20 | Baxış sayı: 146
"Avropadakı müəyyən qüvvələr Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə heç cür barışa bilmir"

Milli Məclisin sədri Sahibə Qafarova Avropadakı müəyyən qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə heç cür barışa bilmədiyini bildirib.

O, parlamentin yaz sessiyasının fevralın 1-də keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib ki, narahatlıq doğuran əsas məsələ Cənubi Qafqazda yaranan yeni reallığı bəzilərinin qəbul etməməsidir.

S.Qafarova xatırladıb ki, Niderland Parlamentinin İkinci Palatasının Xarici Əlaqələr Komitəsinin yanvarın 18-də keçirilən iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilib: "Niderlandlı həmkarlarımızın Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələri bizim ölkəmizə qarşı qeyri-obyektiv münasibətin hələ də davam etdiyini göstərir".

O vurğulayıb ki, ikili standartların bir çox digər Avropa ölkələrində olduğu kimi Niderlandda da xarici siyasətin əsas prinsiplərindən biri olması təəssüf doğurur: "Təəssüf doğuran daha bir fakt da bundan ibarətdir ki, Niderlandın xarici işlər naziri Hanke Bruins Slot deputatların suallarına cavab verərkən absurd ittihamlarla razılaşdığını dolayısı ilə ifadə edib. Nazir Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu da bildirib.

Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiasında olduğu, yeni müharibəyə hazırlaşdığı barədə niderlandlı həmkarlarımızın əsassız mülahizələri ölkəmizə qarşı qərəzin daha bir nümunəsidir. Cənab Prezident müharibənin bitdiyini, ərazi bütövlüyümüzün ve suverenliyimizin bərpasından sonra yeni inkişaf strategiyasına kökləndiyimizi dəfələrlə bəyan edib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə, eləcə də Ermənistanla həmsərhəd bölgələrə yatırılan milyardlarla vəsait bizim məhz sülhə fokslandığımızı göstərən əsas amildir".

Qanunverici orqanın rəhbəri söyləyib ki, bunu bütün dünyada, o cümlədən Niderlandda da yaxşı bilirlər. S.Qafarova Azərbaycan müharibədən sonra irəli sürülən sülh gündəliyinin müəllifidir: "Biz Cənubi Qafqazda əməkdaşlığa, birgəyaşayışa əsaslanan rifahı təşviq edən aparıcı ölkəyik. Azərbaycana qarşı etnik təmizləmə iddialarının əsassız olduğunu isə Qarabağa səfər edən BMT missiyasının hesabatları təsdiq edir. Əgər niderlandlı həmkarlarımız Ermənistandan qovulmuş azərbaycanlıların öz yaşayış yerlərinə qayıtmasını ərazi iddiası kimi qəbul edirsə, bu, insan hüquq və azadlıqları prizmasından qiymətləndirilməli olan bir məsələdir".

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı dayandırıb.

report.az

Xəbərlər