Siyasət 6 Oktyabr 2023, 17:07 | Baxış sayı: 190
"Zəngəzur dəhlizi Ermənistanın son 30 ildə cəlb ediləcəyi ilk regional layihə idi, dalan dövlət statusunu qorudu"

Avropa Parlamentinin, o cümlədən Fransa, Almaniya kimi subyektlərin qərəzli bəyanatları fonunda eyforiyaya qapılan və getdikcə reallıqlardan uzaqlaşan Ermənistan özünün qeyri-konstruktiv davranışlarından real zəmində zərər görməkdədir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev yeni dövrün başlandığını bəyan edib, Ermənistanı sülh və əməkdaşlığa çağırıb: “Təsadüfi deyil ki, birinci kapitulyasiya aktının müddəalarında da bu əməkdaşlıq niyyəti yer alıb. Bu çərçivədə 10 noyabr Bəyanatının 9-cu maddəsinə müvafiq olaraq Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası və Ermənistanın vətəndaşlar, nəqliyyat vasitələri və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili və nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməsi əksini tapıb. Bu, son 30 ildə Ermənistanın cəlb ediləcəyi ilk regional layihə idi və bütün praqmatik düşüncədə olan siyasətçilər İrəvanın bu şansı qaçırmayacağını düşünürdülər. Lakin davamlı danışıqlara, Azərbaycan tərəfinin çağırışları və cəhdlərinə baxmayaraq İrəvan heç bir real əsas olmadan prosesi ləngitməyə başladı. Üstəlik, baxmayaraq ki, Ermənistanın yaxın dövrə qədər israr etdiyi “Laçın yolu” məfhumunun da sıradan çıxması fonunda bu gün Zəngəzur dəhlizinin ləngidilməsi üçün heç bir prinsipial əngəl qalmayıb. Lakin Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh prosesində maraqlı olmayan bir sıra Qərb dairələrinin təhriki ilə Ermənistanın prosesi ləngitməkdə israrı vəziyyətə yeni baxış tələb edirdi. Daha doğrusu, Prezident İlham Əliyevin təklif etdiyi Zəngəzur layihəsinə Şərqlə Qərb arasında ən etibarlı və ən effektiv tranzit imkanı kimi baxan Çindən Britaniyaya qədər bir çox iri güclər və onların ticari maraqlarını gözlətmək Bakı üçün də əlverişli deyil. Bu mənada, 2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu vəziyyətdən faydalı çıxış yoldur və prinsipcə Azərbaycan nəinki proseslərdə itirmir, əksinə İranla ortaq layihə iki qonşu dövlət arasında münasibətlərdəki gərginliyi azaltmaq üçün yaxşı imkandır. Bununla eyni zamanda Ermənistana əvəzolunmaz olmadığı mesajı verildi. Üstəlik, proseslərin bu istiqamətdə axarına Azərbaycanın əsas müttəfiqi olan Türkiyə özü də əlverişli alternativ kimi baxır. Nəticə etibarilə Ermənistan Fransanın niyyətlərinə qurban gedərək növbəti dəfə regionun iqtisadi layihələrinə qoşulmaq imkanını əldən verdi və dalan dövlət statusunu qorudu. Heç şübhəsiz ki, yaxın gələcəkdə İrəvan prosesin tərkib hissəsi olmaq niyyətini bildirəcək, lakin o zaman Azərbaycan üçün İrəvanın xahişləri məqbul olacaqmı, yaxud Azərbaycan hansı şərtlərlə İrəvanın regional layihələrə inteqrasiya olunmasına razılıq verəcək, bu, artıq başqa mövzudur”.

APA

Xəbərlər