Siyasət 22 Avqust 2022, 12:40 | Baxış sayı: 131
"Zaman göstərir ki, Ermənistanla münasibətlərin inkişaf etdirilməsi bir çox hallarda İranın milli maraqlarına ziddir".

Milli Məclisin depuatı Elman Nəsirov Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən, İranla münasibətlərin inkişafında maraqlıdır: “Təəssüf hissi ilə qeyd etmək istərdim ki, İranda mövcud olan müəyyən siyasi dairələr həm 44 günlük Vətən müharibəsinə qədər, həm müharibə, həm də müharibədən sonrakı dövrdə Azərbaycanın maraqlı olduğu mehriban qonşuluq münasibətlərinə zidd davranış ortaya qoydular. Onlar daha çox Ermənistana dəstək həyata keçirdilər. Əlbəttə, bunu bütövlükdə İran dövlətinin adına yazmaq olmaz. Belə davranışı sərgiləyən müəyyən ermənipərəst, ermənilərlə əlaqələrin inkişafında maraqlı olan siyasi dairələr idi. Zaman onu göstərir ki, Azərbaycan dövləti ilə deyil, Ermənistan ilə münasibətlərin inkişaf etdirilməsi bir çox hallarda İranın özünün milli maraqlarına ziddir. İranda 35 milyondan çox azərbaycanlının yaşadığını nəzərə alsaq, müəyyən siyasi dairələrin Azərbaycana qarşı atdığı addımların İranın daxilində də birmənalı qarşılanmadığını görə bilərik. İstənilən halda, İranda sağlam düşüncə və sağlam məntiqin üstünlük təşkil etməsinin tərəfdarıyıq. Azərbaycan qonşu İran dövləti ilə münasibətlərin bütün parametrlər üzrə inkişafını dəstəkləyir. Bu dövlət maraqlarımızdan irəli gələn məsələdir. İnanırıq ki, İranda da sağlam düşüncəli qüvvələr ermənipərəst qüvvələr üzərində daha böyük üstünlük əldə edib Azərbaycan dövləti ilə münasibətlərin inkişafına konkret töhfələr verəcəklər və müxtəlif sahələrdə bunu şahidi olacağıq”.

Xəbərlər