Siyasət 25 Aprel 2023, 14:54 | Baxış sayı: 111
"Yüksəliş Partiyasının sədrinin həbsini siyasi sifariş kimi təqdim etməyə çalışırlar"

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra siyasi çətir altında gizlənərək müxtəlif törədilmiş cinayətləri ört-basdır etmək istəyən insanların sayı günbəgün artırdı. Bu hal 1991-93-cü illərdə xüsusi ilə pik həddə gəlib çatmışdı. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hüquqi dövlət qurulması istiqamətində mühüm addımlar atıldı və bu illər ərzində Azərbaycan sivil, demokratik, hüquqi dövlətə çevrildi. 90-cı illərin əvvəllərindən qalmış bəzi dairələr bu gün də siyasi çətir altında gizlənərək hər hansısa törədilmiş bir cinayəti dərhal siyasi sifariş kimi cəmiyyətə təqdim etməyə çalışırlar".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.


Deputat vurğulayıb ki, düzdür, onların sayı günbəgün azalmaqdadır və onların iddiaları artıq cəmiyyət tərəfindən qəbul da olunmur: "Amma çox təəssüf ki, belə dairələr hələ də ölkəmizdə var. Bir neçə misal göstərmək olar ki, konkret törədilmiş cinayət işi üzrə cinayət işi açılır və dərhal müəyyən adamlar tərəfindən bu halı siyasi sifariş kimi təqdim etməyə çalışırlar. Bu günlərdə Yüksəliş Partiyasının sədrinin həbsi üzərindən bu cəhdlərin şahidi olmaq mümkündür. Bu şəxsdən müvafiq olaraq şikayət verilmiş, həmin şikayət üzrə hüquqi araşdırma aparılmış və bununla da bağlı cinayət işi açılmışdır. Azərbaycan hüquqi dövlətdir və hüquq qarşısında hər kəs bərabərdir. Törədilmiş istənilən cinayətə isə hüquqi qiymət verilir. Bəzi şəxslər çalışırlar ki, bu məsələni fərqli bir məcraya yönəltsinlər, siyasi sifariş kimi cəmiyyətə təqdim etsinlər. Əlbəttə ki, bütün bunlar əsassız məsələlərdir. Əgər konkret cinayət əməli varsa, bu öz təsdiqini tapırsa, hüquqi qiymətini də almalıdır". 

Xəbərlər