Siyasət 6 Oktyabr 2023, 16:18 | Baxış sayı: 127
"Ermənistan ona verilən növbəti şansdan istifadə edə bilmədi"

“Ermənistan ona verilən növbəti şansdan istifadə edə bilmədi və təcrid olunmuş ölkə statusunu daha da möhkəmləndirdi”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirməklə, eləcə də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə növbəti dəfə regionun iqtisadi layihələrinə qoşulmaq imkanlarını əldən verdi və onun bu seçimi Ermənistanın kənarda qalmış ölkə statusunu möhkəmləndirib: “Əlbəttə, bütövlükdə nəqliyyat dəhlizlərinin, kommunikasiyaların açılması regionda ən çox Ermənistan üçün vacib idi. Onların nümayiş etdirdikləri mövqe Ermənistanı növbəti dəfə acınacaqlı vəziyyətə saldı. 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri Azərbaycan və Türkiyə arasında Qars-Naxçıvan dəmiryolu layihəsinə dair Naxçıvanda niyyət protokolu imzaladılar. Bu da tarixi bir hadisədir. Bunu təkcə iki qardaş ölkə arasında yeni nəqliyyat marşrutu deyil, eyni zamanda bütövlükdə region, həmçinin daha böyük coğrafiya üçün vacib dəmiryolu layihəsi adlandırmaq olar. Buna əsasən, Qars-İğdır-Naxçıvan dəmiryolunun tikintisi bütövlükdə region üçün faydalı layihədir”.

Deputat bildirib ki, Azərbaycanın Ermənistana heç bir ehtiyacı yoxdur: “Amma Ermənistanın bu gün region ölkələrinə, ən çox da Azərbaycana ehtiyacı var. Hələ 2022-ci il martın 11-də İran ərazisindən keçməklə Şərqi Zəngəzur ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantıları yaradılması haqqında memorandum imzalanmışdı. Həmin vaxt sentyabrın 21-də Baş nazirin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasıminin iştirakı ilə Şərqi Zəngəzur iqtisadi rayonu arasında İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Bu o deməkdir ki, Azərbaycan İran vasitəsilə Naxçıvanla bağlantını yaradır və bu, Şərq-Qərb nəqliyyat dəhlizinin potensialının artırılmasına və eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar, faydalar yaradacaq. Bu baxımdan Ermənistan ona verilən növbəti şansdan istifadə edə bilmədi və təcrid olunmuş ölkə statusunu daha da möhkəmləndirdi. Azərbaycan isə öz məqsədlərinə nail olmaq üçün inamla addımlamağa davam edir”.

Qeyd edək ki, bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.

Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq. Bu yol tranzit yüklərin daşınmasına da xidmət edəcək.

report.az

Xəbərlər