Siyasət 18 Sentyabr 2023, 16:36 | Baxış sayı: 208
"Niyyətində səmimi olmayan Amerikanı əslində sülh maraqlandırmır"

"Dünyada bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır. Bütün siyasi oyunların məqsədi isə hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etməkdir. ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır. Cənubi Amerika, Afrika, Asiyanın böyük bir hissəsi Amerikanın siyasi oyunları üçün poliqona çevrilib. ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür. ABŞ hegemon dövlət kimi bütün dünyaya öz iradəsini diqtə etmək üçün beynəlxalq sistemi qorxudacaq düşmən obrazı yaratdı və İslamı “sivil dünyanın” əsas düşməni elan etdi. İslamofobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyi bu ölkə terrorla mübarizə adı altında təkcə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etmədi, həm də müsəlman ölkələrini hədəfə götürdü. “Ərəb baharı” ssenarisinin reallaşdırılması nəticəsində Yaxın Şərq ölkələrində hakimiyyətlər devrildi, vətəndaş qarşıdurmalarına rəvac verildi. Bu ssenarinin mümkün olmadığı İraq, Liviya kimi ölkələr isə təcavüzə məruz qaldılar. İraqın guya “nüvə silahına” malik olduğu görüntüsü yaradaraq bu ölkəyə təcavüz etdilər, nəticədə bir milyon iraqlı öldü, şəhər və kəndlər dağıdıldı, ölkənin milli sərvətləri nəzarətə götürüldü və hazırda da talan edilir. Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada başlanmış vətəndaş qarşıdurması  hələ də səngimək bilmir. Yaxın Şərqdə milyonlarla insanın qətli, iqtisadi infrastrukturun dağıdılması, şəhər və kəndlərin xarabazara çevrilməsi və bu problemin hələ uzun illər davam edəcəyi reallığı Amerikanın Şərqə gətirdiyi “demokratiyanın” nəticəsidir".

 

Bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

"Azərbaycan da uzun illər ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkib, ölkəmizdə bu və ya digər hakimiyyət çevrilişinin reallaşdırılmasına cəhdlər göstərilib. Siyasi müxalifətin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsi, bir sözlə ölkədə vətəndaş itaətsizliyi mühitinin yaradılması istiqamətində ardıcıl iş aparılıb. Bunun əsas məqsədi də o idi ki, Azərbaycanda ABŞ-ın maraqlarına sözsüz itaət edən hakimiyyət formalaşdırılsın və onun əli ilə Azərbaycan ərazilərinin işğalı legitimləşdirilsin. Lakin bu cəhdlər, çoxsaylı planlar baş tutmadı. ABŞ Azərbaycanı “suriyalaşdırmağa” cəhdlər edib, ölkənin güclənməsi, inkişaf etməsi və işğal altındakı Qarabağı azad etməsinə imkan verməmək üçün bir neçə dəfə “rəngli inqlilablar” planı hazırlanıb. Amma iqtidar-xalq birliyi sayəsində bu çirkin planların heç biri reallaşmayıb. Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı  Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı. Bu gün Ukraynaya verilən dəstəyin cüzi hissəsi Azərbaycana verilsəydi, torpaqlarımız uzun onilliklər işğal altında qalmazdı. ATƏT Minsk Qrupunun həmsədri kimi ABŞ heç bir iş görmədi, həmsədrlər turist səfərləri gerçəkləşdirdilər, növbətçi bəyanatlar verdilər.  Bu təşkilat və onun həmsədrlərindən biri olan  ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi. Separatçılar ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait topladılar.  Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin göstəricisidir. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi. Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və öz gücünə torpaqlarını işğaldan azad etdi. Təbii ki, bu gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu ABŞ, Fransa və digər bu kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Buna görə bu gün də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır. 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, qatı ermənipərəst və antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır. 
Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etsə də, ABŞ razılaşmaya  müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi və bu gün istər Dövlət Departamenti, istərsə Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır. Faktiki olaraq  bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Bir sözlə, niyyətində səmimi olmayan Amerikanı əslində sülh maraqlandırmır", - deputat qeyd edib.

pravda.az

Xəbərlər