Ümumi 12 Oktyabr 2023, 16:27 | Baxış sayı: 119
"Yeni təyin olunan hakimlər məhkəmələrə olan etimadın daha da möhkəmləndirilməsinə töhfə verəcəklər"

"Bu gün Azərbaycan məhkəmə-hüquq sistemi qarşısında həll edilməsi vacib əsas problemlərdən biri hakimlərin sayının iş yükü və əhalinin sayına mütənasib olmamasıdır. Konstitusiyanın 8-ci maddəsinə müvafiq olaraq məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi dövlət başçısı da məhz bu səbəbdən özünün "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanında məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə məhkəmə sistemimizə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 200 nəfər artırılmasını qərara almışdı".

 

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, bununla da, həm vakant yerlər, həm də əlavə ayrılmış 200 hakim ştatı üzrə yerlərin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi üçün fasiləsiz sənəd qəbuluna başlanmış, şəffaf və obyektiv hakim seçimləri intensivləşdirilib.

 

B.Məhərrəmovun sözlərinə görə, komplektləşdirilmə tədbirlərinin intensivləşdirilməsinə baxmayaraq hələ də kifayət sayda vakant yerlər qalmaqdadır: "Düzdür, Məhkəmə-Hüquq Şurasının “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na dəyişiklik edilməsi barədə 31 avqust 2023-cü il Qərarından sonra prosesin yeni keyfiyyət mərhələsinə qədəm qoymasını ehtimal etmək üçün kifayət qədər əsaslar yaranıb, lakin hakimlərin son yaş həddi ilə əlaqədar, yaxud digər səbəblərdən sistemdən gedənləri də nəzərə alsaq, proseslərin intensivləşdirilməsi hələ də aktualdır".

 

O deyib ki, Prezidentin 11 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə seçim turları və təlim mərhələlərini uğurla başa vurmuş 32 nəfər hüquqşünasın birinci instansiya məhkəmələrinin hakimləri təyin olunması da məhz bu baxımdan çox önəmlidir: "Digər tərəfdən, bu dəfə təyinat alanlardan 53%-nin, daha dəqiq desək 17 nəfərinin xanım olması həm cəmiyyətdə, həm hüquq ictimaiyyətində bu sahəyə olan etimadın və marağın artmaqda olduğunu göstərir. İnanırıq ki, yeni təyin olunan hakimlərimiz ədalət mühakiməsini Konstitusiya və qanunlara uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcək, yüksək hakim adına hörmət ruhunda davranmaqla məhkəmələrə olan etimadın daha da möhkəmləndirilməsinə töhfə verəcəklər".

Xəbərlər