Cəmiyyət 13 İyul 2022, 16:32 | Baxış sayı: 1601
Yeni dəyişikliklə deputatların aylıq gəliri nə qədər olacaq ?

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə 2018-ci ildə edilən dəyişikliyə görə, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alırdı.
 Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alırdı.
 Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırdılar.
 Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırdılar.
 Yeni dəyişikliklə isə, Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq. Eyni zamanda eyni dəyişikliklə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
 Bu isə o deməkdir ki, Milli Məclisin sədri əvvəllər 2475 manat vəzifə maaşı, 2475 manat vəzifə maaşına əlavə, 1238 manat aylıq təminatla birlikdə 6188 manat qazanc əldə edirdisə, yeni dəyişikliklə sədr 3550 manat vəzifə maaşı, 7100 manat vəzifə maaşına əlavə ilə birlikdə 10650 manat qazanc əldə edəcək.
 Deputatlar isə aylıq vəzifə maaşı, vəzifə maaşına əlavə və aylıq təminatla birlikdə aylıq 4331 manat qazanırdısa, yeni dəyişikliklə bu 7455 manat olacaq.
 Yekunda deputatların maaşı 43 faiz artsa da, aylıq gəliri 72 faiz artmış olacaq.

Xəbərlər