"Yaxşı olardı ki, uşağa ad qoyulanda son söz kişinin olsun"
““Qurani-Kərim”də bildirilir ki, kişi qadından güclüdür, müəyyən qədər üstünlükləri var. Bunu ən çox təbiətlə bağlayıram. Təbiət kişini fiziki cəhətdən güclü yaradıb. Doğrudur, bəşəriyyət öz inkişafında matriarxat dövrü də keçib - ana qəbilə başçısı, qadınlar rəhbər olardı, kişilər isə ancaq gedib ov ovlayıb gətirər, ailəni saxlayardılar. Son on min illiklər isə patriarxat – kişi hakimiyyətinin olduğu dövrə qədəm qoydu. Qəbilə-tayfa, dövlət münasibətləri... Təsadüfi deyil ki, peyğəmbərlərin, ən güclü filosofların içində kişilər üstünlük təşkil edir. Qəbul etsək də, etməsək də, ailədə də kişinin soyadı əsas götürülür. Amma Azərbaycanda qanun qadağan etmir ki, övlad valideynlərindən mütləq atanın soyadını götürməlidir. Lakin adətimiz bunu diktə edir - kişi rəhbərdir, ailənin qoruyucusudur...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat “ailədə uşağın adını atası qoymalıdır” deyənlərə isə belə cavab verib: “Uşağa ad qoyulanda da israr etməməlidirlər, amma övlada ad qoymaq ailənin rəhbərinə daha çox yaraşar. “Dədə Qorqud” dastanında da görürük ki, adı Dədə Qorqud qoyurdu. Tayfa-qəbilələrdə də adları ağsaqqallar qoyublar. Ailədə heç vaxt israr etməmişəm ki, şəxsən mən ad qoyum. Daha uyğun, daha gözəl səslənən, məntiqli adlar olur. Əlbəttə, yaxşı olar, son söz kişinin olsun, razılığı ilə uşağa ad qoyulsun”.
T.Kərimli Azərbaycanda korrupsiya və rüşvətin səbəbkarının qadınlar olması barədə səslənən fikirləri isə belə dəyərləndirib: “Belə deyirlər ki, qadınlar tamahkardırlar, onların tamahları nəticəsində kişilər korrupsiyaya meyilli olurlar. Düşünürəm, bu da şişirdilib. Kişilər nöqsanı qadınların üstünə atırlar. Elə qadınla evlənməlisən ki, əvvəla, onu təmin edə biləsən. İzah da edə bilərsən ki, ailəmi qanundankənar vasitələrlə təmin etməyəcəyəm. Cəmiyyət düzlüyü sevir. Hesab edirəm, bu, təkcə ailədən deyil, ictimai münasibətlərdən də asılıdır. Cəmiyyətdə elə bir dürüst qanun mexanizmi olmalıdır ki, insanlar, ümumiyyətlə, korrupsiyaya qurşana bilməsinlər, əmək haqları, pensiyaları ilə dolana bilsinlər, halallıq arxasınca getsinlər. Bunu ayrı-ayrı ailələrdə qadının üstünə atmağın tərəfdarı deyiləm. Kişilər də, qadınlar da övladlarına halal çörək, süd vermədirlər ki, ailələr bu cür davam etsin”.
Deputat qadınların güclü kişilərə meyil etməsi məsələsinə də toxunub: “Bu da təbiətdən doğur. Əlbəttə, hər bir qadın istəyir ki, ailə başçısı daha güclü olsun, ailəni himayə edə, sinəsini irəli verə bilsin, qadının arxasında gizlənməsin, zəif olmasın. Bunlar təbii məsələlərdir. Hesab edirəm, tərəflərdən birini şişirtmək doğru deyil. Bir-birilərini başa düşməlidirlər. Ailə ən kiçik dövlətdir. Əlbəttə, bütün bəşəriyyət tək başına rəhbərliyi təmin edib. İstər dövlətdə, istər müəssisə və təşkilatlarda, istərsə də ailədə. Kişi güclü yarandığından ailənin qoruyucusudur. Fiziki cəhətdən güclüdür, ailənin təhlükəsizliyi də onun üzərindədir”.