Ümumi 19 Mart 2024, 17:57 | Baxış sayı: 69
"Azərbaycanda qida sənayesinin böyük hissəsinə nəzarəti “Azərsun” həyata keçirir, inhisarçı rola malikdir"

“Azərbaycanda qida sənayesinin çox böyük hissəsinə nəzarəti “Azərsun Holdinq” həyata keçirir və inhisarçı rola malikdir. Ümumiyyətlə, inhisarçılıq məndə narahatlıq doğurur. Dəfələrlə İqtisadiyyat Nazirliyini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini və digər qurumları inhisarçılığa qarşı mübarizəyə dəvət etmişik ki, daha səmərəli işləsinlər. Azərbaycan Respublikasının Prezidenti də dəfələrlə inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin kəskinləşməsi tələbini qoyub. Təəssüf ki, bu sahədə hələ də effektli nəticə alınmır. Bir sıra dövlətlərdə bayramqabağı həmişə ucuzlaşma olduğu halda, Azərbaycanda əksinə, bahalşma olur. Bu da imkanı olmayan əksər ailəyə zərbə vurur. Axı hamının övladı, ailəsi, uşağı var. Onlar da heç olmasa bayramın ləziz yeməklərindən dadmaq istəyirlər. Bu xalqa nə yazığı gələn var, nə də hörmət edən. Qanunlara riayət edilməsini, rəhimli olmağı tələb edirik. İnhisarçıların pul qazanmaq istəyi hər şeyi üstələyir. Bunlar hər şeyə əl atarlar ki, təki qazancları çox olsun. Bunu birmənalı pisləyirəm. Tələb edirəm ki, Azərbaycanda inhisarçılığın kökünü kəsmək üçün hüquqi, mənəvi, siyasi mexanizmlər işə salınsın”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. 

 

“Zaman-zaman Milli Məclisin plenar, komitə iclaslarında süni bahalaşma məsələlərini qaldırmışam, ciddi etirazımı bildirmişəm. Bilirik ki, bunu törədən ən əsas səbəblərdən biri  inhisarçılığın mövcud olmasıdır. Hətta cənab Prezidentə təklif etmişdim ki, Azərbaycanın rifahının, inkişafının qarşısını alan yeddibaşlı nəhəng var və bunların başını vurmaq lazımdır. Birinci inhisarçılıqdan, korrupsiya, rüşvətxorluq və digər sahələrin adını çəkmişdim. Süni bahalaşmada inhisarçılığı birinci hal hesab edirəm. Təəssüf ki, qarşısını hələ almaq mümkün deyil. Bütün sahələr üzrə inhisarçılıq var. Sərhədlər açıq olanda görürdük. Elə məhsullar var idi ki, İranda 1 manata, Rusiyaya gedəndə 1 manat yarım, bizdə isə 3 manata idi... Belə hallar olurdu. Bu, necə ola bilər? Hamısı inhisarçılığın nəticəsidir. Həmişə bununla bağlı narahatlığımı bildirmişəm, bildirəcəyəm. Mübarizə aparırıq, aparacağıq”, - deputat bildirib. 

pravda.az

Xəbərlər