Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 11:36 | Baxış sayı: 246
"Yaxşı olardı ki, DSMF-nun büdcəsinin icrası barədə Milli Məclisə hesabat verilsin".

“Yaxşı olardı ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası barədə Milli Məclisə hesabat verilsin”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri təklif edib ki, dövlət büdcəsindən alınmamış vəsaitlərin idarəolunan kapitala çevrilməsi, Fondun investisiya layihələrində iştirakı üçün müvafiq addımlar atılsın.

O həmiçinin, gələn il büdcədən DSMF-na bu ilkindən daha az vəsait ayrılacağını da qeyd edib:  

“2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsini balanslaşdırmaq üçün dövlət büdcəsindən ayrılan vəsait 2021-ci ildəkindən az olacaq”.

Komitə sədri bildirib ki, DSMF-nin ümumi xərclərinin 96,7%-ni əhaliyə ödənişlər təşkil edəcək: “Əhaliyə ödənişlər üzrə xərclərin çoxu əmək pensiyaları üçün olan ödənişlərdir. Əmək pensiyalarının orta aylıq məbləğinin 2022-ci ildə 345 manat təşkil edəcəyi proqnozlaşdırılır. Əmək pensiyalarının minimum məbləği anlayışı 2017-ci ildə daxil edilib və 110 manat məbləğində müəyyən olunub. 2022-ci ildə bu məbləğin 240 manata çatdırılması nəzərdə tutulur. Cari və növbəti illər üzrə pensiyaların orta aylıq məbləğinin artımı müvafiq olaraq 9,4 və 4,4% olaraq qiymətləndirilir. 2022-ci ildə hamiləliyə, 1 yaşında uşağa baxmağa, 3 yaşında uşağa qulluq üzrə, dəfn üçün müavinətlər və s. müavinətlər üçün 180 milyon manat ayrılır. Bütün müavinətlərdə artım proqnozlaşdırılır”.

 

Deputat şəhid ailələri və pensiya haqda da danışıb:

“Təklif edirəm ki, şəhid ailələri üzvlərinin ölkədəki bütün kurortlarda müalicə alması üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqələr yaxşılaşdırılsın”.

Parlamentin komitə sədri yaşa görə müavinət alanlarla pensiyaçılara verilən dəfn üçün müavinətlərin məbləğinin bərabərləşdirilməsini də təklif edib.

Xəbərlər