KOMİTƏ İCLASLARI 18 Yanvar 2024, 15:43 | Baxış sayı: 202
"Azərbaycanda iş yerləri ilə bağlı koordinasiya məsələsində ciddi problemlər var"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycanda kifayət qədər iş yerlərinin olduğunu, ancaq koordinasiya məsələsində ciddi problemlər yaşandığını bildirib.

O, müvafiq qurumların öz təkliflərini verdiyini, parlamentin də bu işə töhfəsinin zəruri olduğunu qeyd edib.

"Gəlin, işə götürənləri, müvafiq qurumları dəvət edək və problemləri müzakirə edək. Bölgələrdə iş yerlərinin açılmasına diqqət yetirməliyik. Qarabağ və Şərqi Zəngəzurda böyük əmək cəbhəsi açılır. Dövlət büdcəsindən də həmin ərazilərin bərpası üçün kifayət qədər vəsait ayrılıb. Tək Bakı və Abşeron həddindən artıq yüklənib. Digər bölgələrdə də yeni iş yerlərinin açılması, sosial infrastrukturun qurulması dövlətin qarşısında duran əsas məsələdir", - deputat deyib.

M.Quliyev həmçinin vurğulayıb ki, əsas diqqət özəl sektora yönəldilməlidir: "Əsas işə götürən mənbə özəl sektor olmalıdır. Dövlət sektoru olduqca şişib böyüyə bilməz. Dövlət sektorunun müəyyən həddi var. Artıq həmin ştatlar təsdiq olunub, bundan sonra böyüdülməsinin tərəfdarı deyilik. Daha çox özəl sektor inkişaf etməlidir".

report.az

Xəbərlər