"Yaxşı olar ki, Fransa öz daxili işləri ilə məşğul olsun"
“Azərbaycan 44 günlük Vətən müharibəsində tariximizin ən parlaq qələbəsini qazanaraq Ermənistanın 30 illik işğalına son qoyaraq torpaqlarımızı azad etdi. Azərbaycan təkcə Ermənistan üzərində deyil, eyni zamanda onların havadarlarına və dünya erməni faşizminə qalib gəldi. Lakin Azərbaycanın öz ərazi bütövlüyün bərpa etməsi bəzi dairə və ölkələri kəskin formada narahat etməyə başladı. Bu ölkələrdən biri də məhz Fransadır. Fransanın ermənipərəst mövqedə olduğu əvvəlcədən də bəlli idi. Ancaq Vətən müharibəsi günlərində və müharibədən sonra Fransa ölkəmizə qarşı daha aqressiv siyasət yürütməyə başladı. Hərbi əməliyyatlar dövründə, eləcə də son dövrlər ərzində bu ölkənin Azərbaycana qarşı böhtan dolu, qərəzli qətnamələr qəbul etməsi Fransanın Ermənistana havadarlıq etməsini əyani formada təsdiq edir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, Fransanın Ermənistanla münasibətləri ola bilər, lakin bu o demək deyil ki, Fransa bu ölkənin bütün siyasətinə, xüsusilə də işğalçılıq siyasətinə dəstək verməlidir: “Aydın məsələdir ki, burada obyektiv və subyektiv səbəblər vardır. Obyektiv səbəblərdən biri odur ki, özünü dünyaya demokratiya mərkəzi kimi təqdim edən Fransa əslində müstəmləkəçi, siyasətinin mərkəzində işğalçılıq prinsipləri dayanan ölkədir. Tarixə nəzər yetirdikdə bütün bu deyilənləri faktlarla görmək mümkündür. Fransanın Əlcəzairdə törətmiş olduğu qanlı qətliamlar bəşər tarixinin ən ağır faciələrindəndir. Bundan əlavə, Fransa 250 ildən çoxdur ki, Korsika adasında irticaçı siyasət yürütməklə məşğuldur. Belə ki, Aralıq dənizinin şimal hissəsində yerləşən Korsika adasını 1768-ci ildən işğal edən Fransa burada yaşayan əhaliyə qarşı mütəmadi olaraq anti-terror əməliyyatları adı altında qırğınlar törədir. Azad Korsika Partiyasının onlarla üzvü terror ittihamı ilə həbs olunmuş, onlara həbsxanalarda ən ağır formada işgəncələr verilmişdir. Xarici mediada yayılmış məlumatlara əsasən Fransa hökuməti son günlər ərzində də tamamilə informasiya blokadası şəraitində Korsikada repressiv əməliyyatlar keçirmişdir. Maraqlı olan o haldır ki, siyasətinin əsasında irticaçılıq dayanan, ayrı-ayrı xalqları tarix boyu əsarətdə saxlayan bir ölkə özünü Cənubi Qafqazda azadlıq, müstəqillik tərəfdarı rolunda təqdim etməyə çalışır. Belə ki, Fransa beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxır, separatizmə dəstək verir. Yaxşı olar ki, Fransa öz daxili işləri ilə məşğul olsun, ən azından, tarixən zor gücünə Fransaya birləşdirdirilən ərazilərdə yaşayan insanların elementar hüquq və azadlıqlarını təmin etsin”.
C.Osmanov əlavə edib ki, bu gün erməni lobbisinin təsir dairəsində olan istər Fransa höküməti, istərsə də bu ölkənin qanunverici orqanları bilməlidirlər ki, onların Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri əsla bir nəticə verməyəcək: “Fransanın beynəlxalq hüququn tələblərinə zidd bütün əməllərinə beynəlxalq səviyyədə qiymət verilməli, bu ölkə istər Əlcəzair, istər Korsikada, istərsə də digər ərazilərdə törətdiyi qanlı cinayətlərə görə öz cavabını almalıdır. Fransa beynəlxalq təşkilatlardan uzaqlaşdırılmalı, mühüm əhəmiyyətli tədbirlərdən təcrid edilməlidir. Əks halda görünən odur ki, zamanla törətdiyi qanunsuzluqlara görə cəzasız qalan Fransa və bu gün Makron hökuməti bundan ruhlanaraq irticaçılıq, terrora dəstək vermək siyasətini genişləndirmək istəyir. Lakin Fransanın bu yaramaz, anti-bəşər, repressiv, separatist siyasəti Azərbaycana qarşı əsla keçərli olmayacaq. Cünki bu gün Azərbaycan güclü dövlətdir və beynəlxalq aləmdə yüksək nüfuz sahibidir”.