Siyasət 30 Avqust 2023, 16:57 | Baxış sayı: 190
"Yaxın zamanlarda Xankəndində Azərbaycanın konstitusion dövlət quruluşu bərpa olunacaq"

“Qarabağdakı ermənilərin dərdi humanitar problemdirsə, Azərbaycan bu ehtiyacları ödəməyə hazırdır və ilk yardım karvanımız Qızıl Aypara Cəmiyyətinin xətti ilə Ağdam-Xankəndi yolunda gözləyir. Amma separatçılar Azərbaycandan yardım almaqdan imtina edir, təkcə Laçın yolu ilə Ermənistandan yardımın gəlməsini istəyirlər. Hətta Ermənistan “humanitar yük” adı altında avtomobil karvanı şousunu yaratdı və həmin şouya bu gündən Fransa da qoşularaq yeni avtomobil karvanını göndərib. Unudurlar ki, Xankəndi Azərbaycan ərazisidir və ora göndərilən bütün yardımlar Azərbaycan ərazisindən getməlidir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, Ermənistandan göndərilən bütün daşımalar beynəlxalq hüquq normalarına və Azərbaycanın qanunlarına uyğun sərhəd-gömrük tələbləri gözlənilməklə icazə veriləndən sonra Qarabağa daxil ola bilər: “Fransa da yardım göndərmək istəyirsə, bu yardımı Ermənistan vasitəsilə yox, Azərbaycan vasitəsilə çatdırmalıdır. Azərbaycanla razılaşdırılmadan  Ermənistan və Fransanın cəhdləri ölkəmizin  suverən hüquqlarını pozmaq istəyindən irəli gəlir. Onlar bilməlidirlər ki, Azərbaycan öz suverən hüquqlarını müdafiə etmək iqtidarındadır və ölkəmizə təzyiq göstərmək istəyən dairələrin cavabını bundan sonra da verəcək. Qarabağdakı ermənilərin humanitar yardıma ehtiyacları varsa, bunu  Azərbaycandan qəbul etsinlər. Əgər belə bir ehtiyacları yoxdursa və “humanitar yardım” adı altında  müəyyən məqsədlərini həyata keçirmək istəyirlərsə, onların hiylələri baş tutmayacaq.  Azərbaycan 23 apreldə Laçında sərhəd postu qoymaqla ərazilərin nəzarətini tam şəkildə bərpa etdi. Yaxın zamanlarda Xankəndində Azərbaycanın konstitusion dövlət quruluşu bərpa olunacaq. Bunun üçün anti-terror əməliyyatının keçirilməsi  lazım gələrsə, “Dəmir Yumruq” yenidən öz gücünü göstərməyə hazırdır”.

pravda.az

Xəbərlər