Cəmiyyət 23 Fevral 2024, 15:55 | Baxış sayı: 45
“İnsanları özbaşına toplamaq və “Ana Dili” tədbiri keçirmək adı altında naməlum məqsədləri təbliğ etmək qanuna ziddir”

Milli Məclisin deputatı Azər Badamov sosial şəbəkələrdə Lənkəranda kafelərin birində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirin keçirilməsinə Lənkəran Şəhər Polis şöbəsi tərəfindən əngəl olunmasına və bəzi şəxlərin bunu ayrı-seçkilik kimi qiymətləndirmələrinə münasibət bildirib.

 

A.Badamov açıqlamasında deyib ki, ictimai yerlərdə tədbirlərin keçirilməsi “Sərbəst  toplaşmaq azadlığı  haqqında” qanuna uyğun təşkil olunmalıdır, süni ajiotaj yaradılması düzgün deyil.

 

“Prezident İlham Əliyev çıxışlarında dəfələrlə ölkəmizin etnik müxtəlifliyinə çox böyük dəyər verərək deyib: “Əsrlər boyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”. Dövlət başçımızın tolerantlıq mövzusuna böyük dəyər verdiyi halda bu mövzuda narazılıq yaratmağa hesablanmış hərəkətlər edilməsini  düzgün hesab etmirəm. Bunu dövlət siyasətinə qarşı çıxılması kimi başa düşürəm. Ölkəmiz qanunlarla idarə olunur. Bu baxımdan, ictimai yerlərdə tədbirlərin keçirilməsi də “Sərbəst  toplaşmaq azadlığı  haqqında” qanuna uyğun təşkil olunmalıdır.  Əgər kimsə hardasa hər hansısa bir tədbiri keçirmək istəyirsə, tədbir keçirmək istədiyi inzibati ərazisinin İcra Hakimiyyəti ilə razılaşdırmalıdır. Kafelərdə insanları özbaşına yığmaq və  “Ana Dili” tədbiri keçirmək adı altında naməlum  məqsədləri təbliğ etmək qanuna ziddir. Ona görə də belə həssas məslələri ictimailəşdirərək gündəmə gətirməyi, ümumiyyətlə, düzgün hesab etmirəm. Düşünürəm, belə mövzuları gündəmə gətirmək düşmənlərimizin dəyirmanına su tökməkdir”, - deputat qeyd edib. 

pravda.az

Xəbərlər