"Yaşıl enerjiyə keçid enerji təhlükəsizliyi və ixracına mühüm töhfə verəcək"
Azərbaycanın alternativ enerji potensialı yüksəkdir. Hazırda “yaşıl iqtisadiyyat”a, o cümlədən də bərpa olunan enerjiyə keçidin dünyada çağırışlardan birinə çevrildiyini nəzərə alsaq, müasirləşməni strateji inkişaf kursu kimi müəyyənləşdirən və hər sahədə yüksək standartlar tətbiq edən Azərbaycan üçün də bu amil prioritetdir.
Bunu açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.
Deputat bildirib ki, ölkəmizdə son illər “yaşıl enerji”nin tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsi də bunu təsdiqləyir. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib: “Stansiyanın açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin dediyi kimi, müstəqillik tariximiz bizim təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir.
Yaşıl enerjiyə keçid Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə və elektrik enerjisi ixracına mühüm töhfə verəcək. Ölkə ərazisi, xüsusən də Abşeron yarımadası, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Prezident işğaldan azad olunmuş ərazilərimizi “yaşıl enerji” zonası elan edib. Bu mənbələrdən səmərəli istifadə olunması isə yeni enerji gücləri deməkdir. Bütövlükdə, Azərbaycanın bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasıdır. Bununla da, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, xarici ölkələrə də enerji ixracını əhəmiyyətli dərəcədə artıracaq”.
APA