“Yalnız bu halda İran-Azərbaycan münasibətlərinin yenidən bərpası məsələsi gündəmə gələ bilər”
"İran tərəfi məsuliyyətsiz davranış ortaya qoydu. Hətta cinayətkar arxayın şəkildə İran televiziyalarına müsahibə verdi. Terror aktını məişət hadisəsi səviyyəsinə endirməyə cəhdlər göstərildi. Tam absurd yanaşmalardır. Buna “nonsens” də deyirlər. Azərbaycan Xarici İşlər Nazirliyi İrana nota verdi. İndiki halda Azərbaycan tərəfi artıq formalaşmış şəraitə adekvat reaksiya verərək İranda qətlə yetirilən mühafizə xidməti rəisinin nəşini geri qaytardı, həm də oradakı diplomatik xidmət tam heyətlə Azərbaycana qayıtmış oldu. Bu, faktiki olaraq Azərbaycanın İranla diplomatik münasibətlərini dondurması anlamına gəlir. Baş vermiş bütün hadisələrə görə İran məsuliyyət daşıyır. Ölkə Prezidenti cənab İlham Əliyev də hadisəyə məhz belə qiymət verdi. Terror aktında siyasi motivlər olur. Cinayəti törədən şəxs kimlərinsə sifarişini yerinə yetirir. Bu sifariş siyasi məna kəsb edir. Birbaşa Azərbaycan dövlətinə təzyiq və təhdid elementlərini özündə ehtiva edir. Bu, qəbuledilməzdir və İranla Azərbaycan arasındakı münasibətlərin bundan sonrakı inkişafına öz mənfi təsirlərini göstərəcək".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat xatırladıb ki, İrandakı səfirliyimizə qarşı törədilən terror hücumu nəticəsində bir nəfər qətlə yetirilib, iki nəfər əməkdaş ağır yaralanıb.
Onun sözlərinə görə, bu hadisəyə görə bütün məsuliyyət İran tərəfinin, onun ali rəhbərliyinin üzərinə düşür: "Onlar 1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının tələblərini kobud şəkildə pozmuş oldular. Çünki səfirliyin, diplomatik nümayəndəliyin yerləşdiyi ölkə onun əməkdaşlarının, əmlakının təhlükəsizliyinə tam təminat verməlidir. Biz isə tamamilə bunun əksini gördük. İran tərəfinin bəzi cəhdləri, məsələn, İran Prezidentinin cənab İlham Əliyevə, İranın XİN rəhbərinin nazir Ceyhun Bayramova telefon zəngi – bütün bunlar arxadan atılan addımlardır. Bunların real nəticəsi o vaxt ola bilər ki, cinayətkar həbs edilsin, arxasında dayanan tərəflər üzə çıxarılsın, məsuliyyət daşıyan bütün tərəflər - hüquq-mühafizə orqanları, İranın təhlükəsizlik xidməti cəzalandırılsın, üzrxahlıq edilsin. Yalnız bunlar baş verəndən sonra İran-Azərbaycan münasibətlərinin yenidən bərpası kimi məsələlər gündəmə gələ bilər. Hazırda isə İran tərəfi əslində uzun müddətdir ki, Azərbaycan əleyhinə yeritdiyi siyasəti növbəti mərhələyə keçirdi…”