"Xəyanətkarlıq mövqeyi tutmuş şəxslərin ölkəyə gətirilməsi istiqamətində işlər həyata keçirilir".
"Azərbaycan müxtəlif yollarla xaricə üz tutmuş və mühacir həyatı sürən bəzi azərbaycanlıların ölkəyə qaytarılması istiqamətində hüquqi proseslərin həyata keçirilməsini təmin edir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, Azərbaycan bu istiqamətdə Almaniya hökuməti ilə danışıqlar aparır: “Saxta yollarla bəzi Avropa ölkələrinə qaçmış, daha sonra isə Azərbaycana təsir etmək niyyətində olan siyasi dairələrin əlində alətə çevrilmiş, xəyanətkarlıq mövqeyi tutmuş şəxslərin ölkəyə gətirilməsi istiqamətində işlər həyata keçirilir. Ona görə də mühacirlərin narahat olması normaldır. Çünki bilirlər ki, ölkəni cinayət yolu ilə tərk edib, daha sonra isə Vətənə və dövlətçiliyimizə qarşı xəyanət missiyasını yerinə yetirməyə başlayıblar. Bu günə kimi atılan addımların müsbət nəticə verməsi təqdirəlayiqdir. İnanırıq ki, bundan sonra da müsbət nəticə verəcək. Hər kəs qanun qarşısında cavab verməli olacaq”.