Plenar iclaslar 25 Fevral 2022, 12:07 | Baxış sayı: 289
"Xocalı soyqırımı haqqında həqiqətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır".

“Bu gün Xocalı soyqırımın dünyada tanıdılması məqsədilə həyata keçirilən işlərin strateji məqsədini dövlət başçısının fikirləri təşkil edir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Xocalı soyqırımı haqqında həqiqətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır: “Xocalı soyqırımı ilə bağlı keçirilən ümumxalq yürüşləri Xocalı soyqırımı ilə bağlı görülən işlərin əsasını təşkil edir. Sabah Prezident və Birinci vitse-prezidentin iştirakı ilə növbəti yürüş keçiriləcək”.

S. Qafarova əlavə edib ki, Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlər nəticəsində bir sıra dövlətin parlamentlərində bu akt soyqırımı kimi tanınıb: “Neçə illər keçsə də, Azərbaycan xalqı Xocalı faciəsinin ağrı-acısını unutmayacaq. Əminəm ki, gec-tez ədalət öz yerini tutacaq, bu soyqırımı törədənlər öz layiqli cəzasını alacaqlar”.

Spiker Milli Məclisin Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərin mühüm əhəmiyyət daşıdığını da deyib.

S. Qafarova bildirib ki, Milli Məclisin sədri kimi 75 ölkənin parlament sədrlərinə, 10 beynəlxalq parlamentə Xocalı soyqırımın tanıdılması üçün sənədlər göndərib: “Eyni zamanda Milli Məclisin üzvləri xarici ölkələrdəki həmkarlarına 65 məktub ünvanlayıb”.

Xəbərlər