Cəmiyyət 2 Mart 2022, 13:33 | Baxış sayı: 255
"Xaricdən Azərbaycana gəlmək istəyən istənilən xalqın nümayəndəsi, həmçinin, ermənilər qanunlara riayət etmək şərti ilə ölkəmizə gələ bilərlər".

“Bu gün dünyada baş verən təzadlı siyasi hadisələr fonunda Azərbaycan dövlətinin beynəlxalq aləmdə böyük nüfuz qazanması Prezident İlham Əliyevin bacarıqlı diplomat, güclü siyasətçi olduğunu bir daha sübut edir. Dünyanın güc mərkəzləri Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq edirlər. Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. NATO-nun ən güclü dövlətlərindən olan qardaş Türkiyə dövləti ilə 2021- ci il iyunun 15-də tarixi Şuşa Bəyannaməsi imzalanıb. Fevralın 22-də isə dünyanın ən güclü və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə”yə imza atılıb. Bağlanmış hər iki bəyannamə Azərbaycanın milli maraqlarına uyğun olmaqla yanaşı, ölkəmizin təhlükəsizliyinə də zəmanət verir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Rusiyaya səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb və onların daxili və xarici siyasət barədə suallarını cavablandırıb: “Rusiya Federasiyası ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçir. Bu dövr ərzində iki dövlət arasında 200-dən çox sənəd imzalanıb, Azərbaycanla Rusiya arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə çatıb. İki dövlət arasında imzalanmış həmin bəyannamə münasibətlərin ən yüksək formasıdır. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə” humanitar, iqtisadi, nəqliyyat və ticari əlaqələrin qurulmasına və inkişafına böyük təkan verəcək. Görüş zamanı Prezident İlham Əliyev, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə dair verilən suallara da aydınlıq gətirib. Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan dövləti arasında əməkdaşlıq artıq başlanılıb. Azərbaycan bir neçə ildir ki, müşahidəçi statusuna yüksəlməsi üçün Şanxay Əməkdaşlıq Təşkilatı Katibliyinə də müraciət edib. Bu təşkilatla əlaqələrin inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatına böyük töhfə verə bilər. Bu gün Şanxay Əməkdaşlıq Təşkilatı dünyada böyük nüfuza malik olan təşkilatdır. Rusiya, həmçinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da aparıcı rol oynayır. Azərbaycanın, Ermənistandan başqa, bu təşkilata üzv ölkələrin hər biri ilə dostluq münasibətləri mövcuddur. Rusiya ilə bağlanmış bəyannamənin 6-cı və 16-cı bəndləri zəruri hallarda bir-birinə hərbi yardımın göstərilməsi məsələlərinə birbaşa dəlalət edir. Rusiya Federasiyası ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın artmasında mühüm addımlar atılıb. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanla da münasibətlərin normallaşmasının tərəfdarıdır. Əlbəttə, əgər Ermənistan təxribatçı hərəkətlərə yol verməsə və Azərbaycanla sülh sazişi bağlamağa səy göstərsə, münasibətlərin normallaşması yaxın gələcəkdə reallaşa bilər”.

K.Əliyevanın dediyinə görə, Azərbaycanda rus dilinə olan münasibət Rusiyanın hakim dairələrində və ictimaiyyət arasında böyük rəğbətlə qarşılanır: “Azərbaycanda yaşayan həm azərbaycanlılar, həm də digər xalqların nümayəndələri rus bölmələrində təhsil almağa böyük üstünlük verirlər. Azərbaycan dövləti də vətəndaşlarına bu istiqamətdə bütün şəraiti yaradıb. Azərbaycan çoxmillətli dövlətdir və ölkədə müxtəlif xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Xaricdən Azərbaycana gəlmək istəyən istənilən xalqın nümayəndəsi, həmçinin, ermənilər qanunlara riayət etmək şərti ilə ölkəmizə gələ bilərlər. Hazırda Azərbaycanda minlərlə erməni milliyyətli vətəndaşlarımız çox xoşbəxt yaşayır və onlara heç bir halda ögey münasibət bəslənilmir. Erməni əsilli şəxslər bir sıra hallarda xarici dövlətlərdən də Azərbaycana qonaq qismində dəfələrlə gəliblər və onların təhlükəsizliyi tam təmin edilib. Hətta bir neçə il bundan əvvəl Ermənistanın dini lideri də Azərbaycana gəlib və Prezident İlham Əliyevlə görüşüb”.

Milli Məclisin üzvü bildirib ki, jurnalistləri maraqlandıran digər məsələ Azərbaycanın Avropada oynadığı rol barədədir: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Azərbaycan qazı Türkiyə Cümhuriyyəti, İtaliya, Yunanıstan və Bolqarıstana ixrac olunur. Yaxın gələcəkdə digər Avropa dövlətlərinə də Azərbaycan qazı ixrac olunacaq. Prezident İlham Əliyev müsahibəsində Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın nüfuzunun artdığını da vurğulayıb. Ümumiyyətlə, bütün beynəlxalq təşkilatların fəaliyyətində Azərbaycan çox fəal iştirak edir. Ölkəmizin təşəbbüsü ilə bir çox beynəlxalq təşkilatlarda Azərbaycanın irəli sürdüyü təkliflər yüksək qiymətləndirilib. Son vaxtlara gədər Rusiya Kütləvi İnformasiya Vasitələrində Azərbaycana qarşı qərəzli mövqeyi nümayiş etdirən jurnalistlər ölkəmiz haqqında çox müsbət fikirlər söyləyirlər. Rusiyanın bir çox məhşur siyasi jurnalistləri İlham Əliyevin güclü siyasətçi və diplomat olduğunu qeyd edirlər və Ölkə başçısına böyük hörmət bəslədiklərini xüsusi vurğulayırlar".

Xəbərlər