Siyasət 24 Yanvar 2023, 14:17 | Baxış sayı: 142
“Xankəndində də səlahiyyətli nümayəndəmiz fəaliyyət göstərəcək, az qalıb…”

“Əvvəla, “Qarabağda keçirilən aksiyalar heç bir nəticə vermədi” fikri ilə razı deyiləm. Bu aksiyalar bizim xeyrimizə çox ciddi nəticələr verdi. Elə başlandığı ilk gündən etibarən bu günə qədər də nəticələrini verir. Biz ermənilərə və bütövlükdə beynəlxalq aləmə şərtlərimizi irəli sürdük, mövqeyimizi bildirdik, tələblərimizi ortaya qoyduq. Göstərdik ki, biz istədiyimizə nail olmaq üçün sona qədər aksiyaları davam etdirəcəyik. Faydalı qazıntı yataqlarının istismarı, daşınması dayandırıldı. Birmənalı olaraq ermənilər başa düşdülər ki, hələ bunlar silahsız, dinc aksiyaçılar, ictimaiyyətin, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələridir və etiraz aksiyası nəticəsində onlar nələrdən məhrum olub, nə vəziyyətə düşüblər. Əgər Rusiya sülhməramlıları öz maşınları ilə onlara gündəlik ərzaq, yanacaq və s. daşımasa, Beynəlxalq Qızıl Xaç Komitəsi imdadlarına gəlib, xəstələrini ora-bura aparmasa, nə günə düşərdilər, bunu özləri dərk edirlər. İndi ermənilər götür-qoy edib, nəticə çıxarırlar ki, görün, Azərbaycan bir az bu məsələləri sərtləşdirsə, nə ola bilərdi? Sərtləşdirmək nədən ibarətdir? Laçın yolunda sərhəd buraxılış məntəqəmizi, gömrük postumuzu qoyuruq, Daxili İşlər Nazirliyi yol hərəkətinə, gediş-gəlişə nəzarət edir. Ermənilər anladılar ki, bəli, bunlar da ola bilər. Yəni Qarabağdakı aksiyaların çox ciddi əhəmiyyəti var, bizim üçün çox vacib, xeyirli, lazımlıdır. Aksiyaçıları alqışlayırıq, onlara minnətdarlığımızı bildiririk”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat “Xankəndində də nümayəndəliyimiz yaradılmalıdır” deyənlərə isə belə cavab verib: “Xankəndində nümayəndəliyin yaradılması və sair – bunlar fikirlərdir, insanlarımız tərəfindən səsləndirilir. Ancaq bu kimi məsələlər cənab Prezidentimizin səlahiyyətində olan məsələlərdir. Cənab Prezidentimizdən bir sitat gətirib bu suala cavab vermək istəyirəm. Cənab İlham dedi ki, mən nəyi nə vaxt necə etmək lazım olduğunu yaxşı bilirəm. Səsləndirilən fikrin cavabı budur. Allahın izni ilə lazım olan vaxt gələndə cənab Prezidentimiz tədbirini görəcək. Təbii ki, Xankəndində də, Xocalıda da, Xocavənddə də, Ağdərədə də bizim səlahiyyətli nümayəndələrimiz, bütün dövlət qurumlarımız yaradılacaq, fəaliyyət göstərəcək. Həmin vaxta az qalıb…”

 

Xəbərlər