Siyasət 19 Oktyabr 2023, 5:27 | Baxış sayı: 183
"Xankəndində Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinə ehtiyac qalmayıb"

Cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Vətən müharibəsində işğala son qoyulması, antiterror tədbirləri ilə separtizmin kökünün kəsilməsi artıq regionda tamamilə yeni geosiyasi reallıq yaradıb. Artıq münaqişə yoxdur, yeni münaqişəyə əsas ola biləcək amillər aradan qalxıb. Belə olan halda fəaliyyət istiqamətləri silahli münaqişə bölgələrində beynəlxalq humanitar hüququn tələb və şərtlərinin yerinə yetirilməsinə nail olmaq olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin də regiondakı fəaliyyət istiqamətlərinə yenidən baxılması zəruridir".

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. 

O bildirib ki, Azərbaycanın digər orta statistik rayonunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinə lüzum duyulmadığı kimi artıq münaqişədən azad şəkildə dinc həyatını yaşayan Xankəndidə də onun fəaliyyətinə zərurət qalmayıb:

"Azərbaycan dövləti Xankəndidə və ətraf ərazilərdə qalıb Azərbaycanın vətəndaşı olaraq yaşamağı arzulayan ermənilərin cəmiyyətə reinteqrasiyasını inzibati yollarla, yaxud güclə həyata keçirmir. Hansısa qarşıdurma və yaxud silahlı toqquşmadan söhbət gedə bilməz. Biz dinc yolla, sivil üsullarla, eyni zamanda daha çox erməni əsilli insanların özlərinin könüllü müraciətləri əsasında reinteqrasiyanı həyata keçirməkdəyik. Belə olan halda Beynəlxalq Qırmızı Xaç Komitəsinin proseslərə müdaxiləsi lüzumsuzdur". 

Deputat qeyd edib ki, münaqişə dövründə Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinin müsbət məqamları gözə dəysə də bu qurumun daha çox birtərəfli və qərəzli fəaliyyətinin şahidi olduq:

"Eyni zamanda beynəlxalq humanitar hüququn şərtlərinin yerinə yetirilməsindən daha çox Ermənistanın və separatçıların maraqlarının təmin olunmasına yönəli fəaliyyətinə şahidlik etdik.

İndi isə Beynəlxalq Qırmızı Xaç Komitəsi, nəhayət ki, özünün prioritetlərinin dəyişməsinin fərqinə varmalı, Azərbaycanla imzalanmış 1996-cı il Sazişinin şərtlərini, o cümlədən beynəlxalq humanitar hüququn tələblərini rəhbər tutmalı, bölgədə istənilən pozucu fəaliyyətdən çəkinməli və diqqətini daha çox artıq başa çatmış münaqişənin nəticələrinin aradan qaldırılmasına, məsələn 4000-dən artıq itkin Azərbaycan vətəndaşının izinin araşdırılmasına, onların tapılmasına sərf etməlidir".

demokrat.az

Xəbərlər