Siyasət 1 İyun 2023, 15:17 | Baxış sayı: 79
"Xankəndidəki separatçılar sonlarının gəldiyinin fərqindədir"

"Bildiyiniz kimi, "Avropa Siyasi Birliyi” 2-ci Zirvə toplantısında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə cənab İlham Əliyevin Nikol Paşinyanla görüşü gözlənilir. Görüşün nəticələri ilə bağlı proqnoz vermək asan deyil, çünki baxış rakursundan asılı olaraq müxtəlif mövqelər var. Məsələn, bir neçə gün öncə Moskvada Paşinyanın qeyri-adekvat davranışlarının şahidi olduq".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.  

Deputat bildirib ki, Azərbaycanın şərtləri dəyişməzdir və heç bir güc mərkəzi də bu şərtlərdə hansısa korreksiya edilməsi barədə təşəbbüslə çıxış edə bilmir:

"İlk olaraq ona görə ki, cənab İlham Əliyevin mövqeyi beynəlxalq hüququn 1970 və 1975-ci il prinsipləri ilə tam şəkildə üst-üstə düşür. Bu şərtlərə qarşı çıxmaq əslində elə beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə  qarşı çıxmaq olar ki, heç bir beynəlxalq subyekt belə bir presedentə yol açmaq istəməz. 

İkincisi və ən vacibi isə, Azərbaycan siyasi və iqtisadi cəhətdən tam müstəqildir və bu, Bakıya imkan verir ki, istənilən mümkün xarici təsiri neytrallaşdırsın.

Üçüncüsü, Qərb enerji təhlükəsizliyində müstəsna rol oynayan Azərbaycanı və güvənilir tərəfdaş, eyni zamanda da qlobal siyasi oyunçu olan cənab İlham Əliyevi qarşısına almaq niyyətində deyil".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan-Ermənistan sülh prosesi üzrə digər platformaların sahibləri - Avropa İttifaqı və ABŞ isə Kişineu görüşünə nikbin baxırlar:

"ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin simasında Ağ Evin mövqeyi qəti oldu - "biz amnistiya məsələsinə baxılması ilə bağlı Prezident Əliyevin son fikirlərini alqışlayırıq". 

Ermənistan vəziyyətin ciddiliyinin fərqindədir və başa düşür ki, Qarabağ məsələsində söz sahibi deyil, bu, Azərbaycanın daxili işidir. Müqavimət göstərmək əbəsdir, buna İrəvanın nə gücü, nə imkanı, nə də nüfuzu yoxdur. Ermənistan Xarici İşlər Nazirliyinin yeganə yolu Qərbdən kömək hədəfləyən məzlum bəyanatlara qalıb. 

Xankəndidəki qondarma "hökumətə" gəlincə, separatçılar da sonlarının gəldiyinin fərqindədir. İndiki məqamda yeganə ümid guya o "qurumların" və "vəzifəlilərin" "demokratik yolla", "qanuni" formada seçilməsi barədə İrəvanda irəli sürülən tezislərə söykənməyə qalıb. Lakin bu, Azərbaycanda yaşayan digər milli azlıqlar kimi Qarabağda yalnız qanuni əsaslarla yaşayan erməni əsilli sakinlər də bütün hüquq və azadlıqlara malik olacaq və  Azərbaycan da buna konstitusion təminat verir. Hətta ABŞ Prezidenti Co Bayden "Xəzər neft və qazı" adlı ənənəvi beynəlxalq sərginin açılışı münasibətilə Bakıya göndərdiyi məktubunda açıq formada ifadə etdi ki, "...qanunun aliliyinə təkan verəcək və Azərbaycan xalqı üçün imkanlar yaradacaq islahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq".

Ən nəhayət və ən vacibi isə Azərbaycan separatçıların məsələlərini daxili işi hesab edir və bu problemi Ermənistanla müzakirə etmir. Bu məsələ Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının müzakirə predmeti ola bilməz. 

Paşinyanın Qarabağın Azərbaycan ərazisi olması barədə Brüsseldə də, Moskvada da ard-arda, fikrin dəqiq ifadə olunduğu bəyanatlar verib. Belə bir situasiyada təbii ki, Ermənistanın manevr imkanları geniş deyil. Hətta Makron amili belə İrəvana hansısa formada divident gətirə bilməz, ən çoxu prosesi uzada bilər. 

Prosesin uzanması ssenarisinə isə Bakı hazırdır. Cənab Prezident Laçında açıq formada ifadə etdi ki, “Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim".

Xəbərlər