"Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"
Xankəndi şəhərində Qarabağ universitetinin yaradılması tarixi hadisədir.
Bunu açıqlamasında Xankəndidən seçilən deputat Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, bu, həm də vaxtilə Qarabağda mövcud olmuş güclü təhsil ənənələrinin, intellektual potensialımızın yenidən gücləndirilməsi, insan kapitalının inkişaf etdirilməsi baxımından önəmlidir: “Xankəndidə Azərbaycan Pedaqoji İnstitutun filialı 1969-cu ildən fəaliyyətdə olub. Mənim atam 1975-80-ci illər ərzində - mən hələ dünyaya gəlməzdən öncə Xankəndi Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib. Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndidə yenidən ali təhsil müəssisəmizin - Qarabağ Universitetinin yaradılması həm keçmişdə olan güclü təhsil ənənələrimizin bərpası, həm Qarabağda olan intellektual, insan kapitalının irəliyə aparılması, inkişaf etdirilməsi baxımından çox önəmlidir”.
Deputat diqqətə çatdırıb ki, Qarabağ Azərbaycan xalqının tarixinə böyük mütəfəkkirləri, ədibləri, ədəbiyyatşünasları, filosofları, yazıçıları və digər tanınmış şəxsləri ilə töhfələr verib: “Bu baxımdan Qarabağ Universitetinin yaradılması ilə bu ənənələrimiz yenidən bərpa ediləcək. Yenidən dağıdılmış, Ermənistan tərəfindən az qala məhv edilmiş irsimiz çiçəklənəcək. Biz həm də ölkə rəhbərliyi, Prezident İlham Əliyev tərəfindən Qarabağda infrastrukturun bərpası, kəndlər, qəsəbələr və şəhərlərin tikilməsi, yenidən qurulması ilə yanaşı intellektual potensialımızın bərpa məsələsinə də xüsusi diqqət yetirildiyinin şahidi oluruq. Bərpa və quruculuq təkcə gözəl binaların, gözəl infrastruktur sisteminin, yolların, körpülərin, tunellərin tikilməsindən ibarət deyil. Eyni zamanda biz insan kapitalımızın əvvəl mövcud olan potensialının yenidən bərpasını hədəfləyirik və bunu həyata keçiririk”.
Tural Gəncəliyev qeyd edib ki, 1970-ci illərdə Xankəndidə Pedaqoji İnstitutun filialının fəaliyyəti çox böyük əhəmiyyət daşıyıb. Ümummilli liderimiz Heydər Əliyev bu institutun fəaliyyətinə xüsusi diqqət yetirib: “Ondan əvvəlki tarixə baxsaq, çar Rusiyasının, hətta ondan əvvəlki dövrlərdə belə Qarabağ öz mütəfəkkirləri, güclü intellektə malik şəxsləri ilə fərqlənib. Qarabağnamələrin yazılması da bunu bir daha təsdiq edir. Molla Pənah Vaqifdən üzü bu yana Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli kimi təkcə musiqi əsərlərində deyil, eyni zamanda intellektual əsərləri ilə ədəbiyyat tariximizdə güclü rol oynayıblar. Biz həmçinin Şuşanın vaxtilə Qarabağın ən güclü intellektual mərkəzlərindən biri olduğunu da unutmayaq. Ümumiyyətlə, Qarabağ Universitetinin yenidən təsis edilməsi bu irsin yaşadılması yönündə də önəmli addım olacaq”.
APA