Siyasət 9 Fevral 2024, 15:02 | Baxış sayı: 150
"Xalqımız seçkidə böyük səs çoxluğu ilə cənab İlham Əliyevi bir daha dəstəkləməklə yeni tarix yazdı"

"Fevralın 7-də Azərbaycan xalqı seçkilərdə böyük aktivliklə iştirak etdi və bununla Qərb dairələrinin çirkin arzularını alt-üst etmiş oldu. Onlar gözləyirdilər ki, xalqın seçkilərə marağı olmasın, seçkinin saxtalaşdırılması halları baş versin və bundan da dövlətimizə təzyiq göstərilməsi üçün istifadə etsinlər. Təbii ki, xalqımız seçkidə böyük səs çoxluğu ilə cənab İlham Əliyevi bir daha dəstəkləməklə yeni tarix yazdı. Seçkini müşahidə edən 800-ə yaxın xarici nümayəndənin hər birinin ayrı-ayrılıqda bildiriyi rəy düşmənlərimizə mesaj oldu. O cümlədən ABŞ və digər ölkələrin müstəqil beynəlxalq təşkilatları tərəfindən aparılmış  "exit-poll"un nəticələrinin real nəticələrdən yüksək olması da bir tarixi hadisədir".

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat qeyd edib ki, əsasən seçkilərdə "exit-poll"un nəticələri real nəticələrdən aşağı olur: "Bu dəfə bütün dünya bunun əksini gördü. Bu, o deməkdir ki, xalq öz Prezidentinə yenidən etimad göstərməklə bunu özünə qürur hesab etdi. Başqa cür ola da bilməzdi. Çünki Prezident İlham Əliyevin rəhbərlik etdiyi son 20 ildə Azərbaycan qalib ölkəyə çevrildi. Azərbaycan heç vaxt bu qədər güclü olmayıb. Məhz dövlət başçımızın yaratdığı monolit birlik müstəqilliyimizi möhkəmləndirir. Seçki günündə ölkədə bayram əhval-ruhiyyəsi yaşanırdı. İnsanlar seçki məntəqələrinin qarşısında növbə ilə səsini verməyə düzülmüşdü. Həm də səs verməyə gedən insanlar bir-birinin bayramını təbrik edirdi. Belə bir hadisə heç vaxt olmamışdı. Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərinin bütün dünyaya  bir nümunə olduğunu hesab edirəm".

pravda.az

Xəbərlər