“Xalqı bir dəfə aldatmaq olar, ikinci dəfə yox, bunu cinayətkar elementlər yaddan çıxarmasınlar…”
Gədəbəyin Söyüdlü kəndində sakinlərin başlatdığı etiraz aksiyasına paralel olaraq respublikanın müxtəlif ərazilərində ayrı-ayrı şəxslər tərəfindən etiraz aksiyalarının keçirilməsi ictimaiyyətdə çaşqınlıq, eyni zamanda şübhə yaradıb. Heydər Əliyev adına Neft Emalı Zavodu mühafizəçilərinin etirazı, Şəkidə Daşüz kənd sakinlərinin sel fəlakətinin törətdiyi fəsadlara qarşı etirazı, Qaxda bir qrup valideynin Vaqif Əliyev adına 3 saylı orta məktəbin qarşısında başlatdığı etiraz aksiyası, Ağdama yağan dolu səbəbindən sakinlərin Ağdam Rayon İcra Hakimiyyəti qarşısında etirazı, Müşfiqabad qəsəbəsində əhalinin suların kəsilməsinə görə yolu bağlayaraq aksiya keçirməsi, Sumqayıt RİH qarşısında itlərin öldürlüməsinə qarşı aksiya... Bu miqyasın fonunda yaranan müzakirələr zamanı bildirilir ki, sanki bütün aksiyalar bir əl tərəfindən idarə olunur, hansısa qüvvələr sadə vətəndaşların əli ilə ölkə daxilində çaxnaşma yaratmağa çalışır...
Baş verənlərlə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, baş verənlərin təşkilatçıları, icraçıları var.
“Gədəbəyin Söyüdlü kəndindəki insident də öz-özünə xaotik baş verməyib. Bu insidentin təşkilatçıları, icraçıları var. Onlar məqsədyönlü, planlı şəkildə bu addımı atıblar. İlkin tədqiqatlar və araşdırmalar göstərir ki, bu prosesdə xarici ölkələrin müvafiq qurumlarının fəaliyyəti diqqətən yayınmır - xüsusi xidmət orqanlarından söhbət gedir. Nəzərə alsaq ki, baş vermiş hadisədən bir müddət öncə Rusiyadan iki azərbaycanlı yas mərasiminə qatılmaq bəhanəsi altında gəlir, sonra isə onların yayılan səs yazılarından bir daha aydın olur ki, məqsədyönlü şəkildə kənd sakinlərindən istifadə etməyə çalışıb, onları monipulyasiya ediblər. İmkanlı-imkansız adamlardan vəsait torplamaqla çalışıblar ki, belə qanunazidd aksiya həyata keçirsinlər. Azərbaycan daxilində gərginlik yaratmaq əsas hədəflərindən biri olub. Eyni zamanda presedent bir nümunə ortaya qoymaq istəyiblər. Bunun qarşılığında Azərbaycanın ayrı-ayrı rayonlarında da oxşar proseslərin zəncirvari şəkildə baş verməsi əsas hədəflərindən biri olub. Yeri gəlmişkən, ayrı-ayrı ərazilərdə bu kimi cəhdlər edilib. Amma həm təşkilatçılar, həm də icraçılar bir şeyi unutmasınlar: ünvanı səhv salıblar. Məlum bir həqiqət növbəti dəfə bu reallıqlar fonunda öz təsdiqini tapdı - dövlət iki halda çox güclü təzyiq və təhdid altına düşə bilir. Bunlardan biri o zaman olur ki, dövlət çox zəif olur. 1990-cı illərin əvvəllərindən bunu bilirik. Dövlətimizə qarşı nə qədər təzyiq və təhdidlərin olduğu bəlli həqiqətdir. İkinci hal isə nə qədər paradoksal səslənsə də, dövlət güclü olanda da eyni aqibəti yaşayır”, - deputat deyib.
E.Nəsirov vurğulayıb ki, Azərbaycan bu gün güclü dövlətdir: “1990-cı illərin əvvəllərinin dövləti deyil. Azərbaycanın güclü lideri var. Güclü Ordumuz, xalq-hakimiyyət birliyi var. Xalq öz Prezidentini birmənalı şəkildə dəstəkləyir, onun arxasında dayanıb. Ölkə Prezidenti cənab İlham Əliyev də məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir siyasət həyata keçirir. Reallıq, həqiqət budur və bunu həzm etməyən müəyyən xarici dairələr Azərbaycana qarşı beləcə müxtəlif siyasi oyunlar həyata keçirmək istəyirlər. Amma nəticə heç vaxt onların istədiyi kimi olmayıb, olmayacaq da. Həmin qüvvələrə məsləhətim budur ki, gəlin odla oynamayın!”
Deputatın sözlərinə görə, baş verənlərdə diqqəti xüsusi cəlb edən məqamlar da var: “Hadisələr belə xaotik olsaydı, öz-özünə baş versəydi, jurnalistləri hadisələrdən bir qədər sonra o ərazilərdə görə bilərdik. Təsəvvür edin ki, bir çox hallarda sinxronluq əmələ gəlir. Hadisənin baş verdiyi anda artıq konkret mətbu orqanların nümayəndələri oradadır: Meydan TV, Toplum TV və digərlərinin əməkdaşları artıq hadisə yerindədirlər. Bu nə deməkdir? Bu, o deməkdir ki, konkret ssenari və ssenarinin icraçıları ortadadır. Hesab edirəm, bu məqama da Azərbaycan ictimaiyyəti xüsusi önəm verməlidir. Kimlərsə hesab edirlərsə ki, bu hadisələr öz-özünə, təsadüfən baş verir, xeyr. Burada konkret ssenari, məqsədlər, niyyətlər, təşkilatçılar, icraçılar, istifadə olunanlar var. Təəssüf hissi ilə qeyd edirəm ki, gədəbəylilər, Söyüdlü kəndinin sakinlərinin çoxu özləri də bilmədən bu proseslərin iştirakçısına çevriliblər. O gədəbəylilər ki, onlar vətənpərvər, dövlətə, dövlətçiliyə sadiq insanlardırlar. O gədəbəylilər ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstəriblər. Təəssüf ki, insanları aldadıb, çirkin yollara dəvət etməyi bacarıblar. Lakin xalqı bir dəfə aldatmaq olar, ikinci dəfə yox. Bunu cinayətkar elementlər yaddan çıxarmasınlar”.