Siyasət 31 İyul 2023, 13:28 | Baxış sayı: 162
“Xaçaturyanın cinayətləri Meşəli camaatına qarşı soyqırımla bitmir”

2 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində  qanunsuz erməni silahlı birləşmələrinin tərkibində azərbaycanlılara qarşı etnik zəmində cinayətlər törədən Xaçaturyan Vaqif Çerkezoviçın Laçın keçid məntəqəsində yoxlama zamanı müəyyən olunaraq saxlanılmasından sonra I Qarabağ müharibəsində dinc əhalini qətlə yetirən digər bir cinayətkar Samvel Babayan qorxuya düşüb. 

Erməni bloger Albert İsakovun yutub kanalına müsahibə verən Samvel Babayan qeyd edib ki, Azərbaycan 300 nəfərdən çox cinayətkarı beynəlxalq axtarışa verib. 

O deyib ki, danışıqlarla cinayətkarların bağışlanmasını istəyir.


Məsələ ilə bağlı Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov açıqlamasında bildirib ki, Azərbaycanlılara qarşı ağlasığmaz cinayətlər törədənlərdən biri də elə Samvel Babayandır: 

“Onların arasında Seyran Ohanyan da var. Çoxlarının adını bilirik, üzbəüz tanıyırıq. Birgəyaşayış var idi, kəndlər bir-birinə yaxın idi, bir yerdə işləyirdik. Çörək itirənlər, namərdlər, xəyanətkarlar dinc əhalini qətlə yetirdilər. Belə bir ifadə var – zalıma mərhəmət etmək məzluma haqsızlıqdır. Qətiyyət belə şey ola bilməz. Onlar Azərbaycan dövlətinə və xalqına qarşı elə bir tarixi cinayətlər törədiblər ki, bu, soyqırımdır, kütləvi qətllərdir. İnşallah hamısı bir-bir ələ keçiriləcək, layiqli cəzalarını alacaqlar”.

Elman Məmmədov qeyd edib ki, Qarabağda dinc əhaliyə qarşı soyqırım törədən şəxslərin hamısının kimliyi, cinayətləri haqqında məumatlar Azərbaycan hüquq – mühafizə orqanlarında var. Ölməyib həyatda olanlar da cəzalarına çatacaqlar:

“44 günlük müharibə döründə də onlardan həbs edilənlər, öldürülənlər oldu, bəziləri qaçıb, canını qurtardı. Laçın keçid məntəqəsində qatil Xaçaturyanın necə bir susqunluqla dayandığı, o tərəf, bu tərəfə nəzər saldığını yayılan kadrlarda gördük, nəsə hiss edirdi, bilirdi ki, tutulacaq. Törətdiyi əməllərin cəzasız qalmayacağı ona yaxşı məlum idi”.



Xaçaturyanın törətdiyi cinayətlərin tək Meşəli camaatına qarşı edilənlərlə yekunlaşmadığını deyən E.Məmmədov bəzi tarixi hadisələri də yada salıb: 

“Meşəli kəndi Xocalı rayonunun mərkəzindən 20 km-dən çox məsafədə Meydan dağının ətəyində Qırxqız dağının qarşısında yerləşirdi. 50-60 ev var idi. Ətrafı isə erməni kəndləri idi. Ətrafda olan bütün erməni kəndlərinin özünün silahlı quldur dəstələri var idi. Meşəliyə, Xocalıya hücumlarda o kəndlərin silahlı quldurları iştirak ediblər. Xaçaturyan da 1992-ci ildə Xocalıya hücumda iştirak edib. Onların cinayətləri saymaqla bitməz. 

1805, 1813, 1828-ci illərdə, eləcə də bundan sonrakı tarixlərdə - 1905-1907-ci illər erməni-müsəlman davası, 1918-1920-ci illərdə, 1948-1953-cü illər və son olaraq 90-cı illərdə, yəni tarixin bütün dövlərində əsrlərdən bəzi azərbaycanlılara qarşı etnik zəmində qırğınlar törədiblər, silahı yerə qoymayıblar. Onları silahlandıran da məlumdur. Bu hadisələrlə bağlı arxiv sənədləri, kitablar, faktlar var. Bunları köçürüb bizim dədə-baba torpaqlarımızda yerləşdirən Çar Rusiyası olub. Köçürülən zaman da silahlandırıblar. Təlimatlandırıb, bizə qarşı hazır vəziyyətə gətiriblər. Xocalının özündə 1992-ci illərə qədər də qırğınlar olub. İşğal zamanı olan hücum 3-cü dəfə idi”. 

demokrat.az

Xəbərlər