Cəmiyyət 22 İyun 2023, 0:42 | Baxış sayı: 89
“Vətəndaşın polisə qarşı aqressiya nümayiş etdirməsi qəbuledilməzdir”

“Gədəbəydə baş vermiş insident heç də xoşagələn hadisə deyil. Hər kəs məyus olub. Qalib ölkənin hansısa ucqar bir kəndində belə bir xoşagəlməz hadisənin baş verməsi düşünürəm ki, məsul şəxslərin, aidiyyəti qurumların bu problemi öncədən həll etməməsi ilə əlaqədardır”. Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev dünən Gədəbəyin Söyüdlü kəndində vətəndaşlarla polis arasında baş verən qarşıdurmanı şərh edərkən dedi.

 

“Əgər vaxtında aidiyyəti şəxslər vətəndaşlarla lazımi söhbət aparsaydı, vətəndaşlara bu hadisənin həqiqətini, gerçək tərəflərini təqdim edə bilsəydi, orada hansısa qazıntı, quraşdırma işlərini həyata keçirən şirkətlə vətəndaşlar arasında ortaq məxrəcin tapılmasına nail olsaydı, bugünkü insident yaşanmazdı. Xüsusilə də, polislə vətəndaş, yaşlı qadın arasında yaşanan bu insident, qarşıdurma Azərbaycan mental dəyərlərinə uyğun deyil və insan haqlarına ziddir. Heç bir polis Azərbaycan qadını ilə, yaşlı nənəsi ilə bu cür sərt davranmamalıdır, xüsusən də, o qazı gözünə vurması qəbuledilməzdir. Mən düşünürəm ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi bununla bağlı lazımi tədbirlər görəcəkdir. Bunun kimin əmri ilə həyata keçirilməsi, kimin göstəriş verməsi qısa bir müddətdə məlum olacaq və aidiyyatı şəxslər öz cəzasını alacaqdır”, – deyə həmsöhbətimiz bildirdi.

 

Deputat eyni zamanda qeyd etdi ki, vətəndaşın da polisə qarşı aqressiya nümayiş etdirməsi qəbuledilməzdir:

 

“İstənilən halda aidiyyatı qurumlar həm vətəndaşları, həm də burada bu problemin böyüməsində maraqlı olan şəxsləri tapıb aşkarlayacaq və vətəndaşlara həqiqətləri çatdıracaqlar. Vətəndaşlarla şirkət arasında və bu ərazidə hansısa quraşdırma işləri həyata keçirən təşkilat arasında ortaq məxrəc tapılacaqdır. Burada süni gölün salınmasının və hansısa qazıntıların, mədən sularının axıdılmasının ziyanı varsa, bu prosesin qarşısı alınacaqdır”.

 

Naqif Həmzəyev bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu məsələ ilə bağlı ciddi məşğul olmalıdır.

 

“Bacardığımız qədər çalışmalıyıq ki, kəndlərdə yaşayan vətəndaşlarımızın hüquqları qorunsun. Eyni zamanda, polislə vətəndaş arasındakı həmrəylik, dostluq, birlik qorunub saxlansın. Çünki biz polisi həmişə təhlükəsizliyimizi təmin edən bir qurumun nümayəndələri olaraq görmüşük və bu gündən sonra da bu belə qalmalıdır. Polislə vətəndaş arasında heç bir narazılığın olmamasına çalışmalıyıq. Bunun üçün aidiyyəti qurumlar çalışırlar. Bir daha qeyd edirəm ki, problemin bu qədər böyüməsinin səbəbi aidiyyəti qurumların vətəndaşlarla işi düzgün təşkil etməməsi, vətəndaşlar arasında maarifləndirmə işinin aparılmaması və vətəndaşları yanlış yerə yönləndirməsidir”,-deyə o, vurğuladı.

Xəbərlər