İctimai Dinləmə 11 Mart 2024, 15:31 | Baxış sayı: 61
"Güzəştli parklanmadan istifadə etmək istəyənlərə şərait yaradılmalıdır"

“Azparking layihəsi çox uğurlu layihədir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bunun çatışmazlıqları aradan qaldırılmalıdır: “Güzəştli parklanmadan istifadə etmək istəyən insanlara şərait yaratmalıyıq. İş yerlərinin, yaşadığı evin yanında olan parklanma yerlərinə güzəştlər tətbiq edilməlidir. Vətəndaşları razı salmaq lazımdır. Üstün cəhət odur ki, şəhərin mərkəzində artıq boş park yerləri tapmaq olur. Mənfi cəhəti isə odur ki, sürücüləri şəhərin mərkəzindən qovmuşuq, onlar giriblər məhəllə arasına, orada xaos yaradırlar. Elə bil evi təmizləyəndə zibili xalçanın altında gizlətmişik. Bunu aradan qaldırmalıyıq”.

Deputat ictimai nəqliyyat sahəsində problemləri qeyd edib: “İctimai nəqliyyat sahəsində problemlər həll edilmədən biz tıxac problemini həll edə bilməyəcəyik. Doğrudur, şəhərlərarası dəmiryolu nəqliyyatı çox yaxşıdır. Əvvəllər deyirdilər çox bahadır, özünü doğrultmayacaq. Amma indi mən 100 manata da bilet tapa bilmirəm. Bunun üçün Gəncədən səhər Bakıya gəlib axşam Gəncəyə qayıtmaq mümkün olsun. Digər tərəfdən şəhərlərarası təyyarə reysləri də açılmalıdır. Aeroportlar ağzı günə yatır. O qədər işçiyə pul verilir, infrastruktur saxlanılır, amma orada iş görülmür”.

apa

Xəbərlər