"Vətəndaşların narazılıqları əsassızdır, Aİ-92 və dizel yanacağı qonşu ölkələrdən ucuzdur".
“Aİ-95 markalı benzinin bahalaşması, təbii ki, gözlənilən idi. Çünki Aİ-95-in dünya bazarlarında ortalama qiyməti 1 dollar 47 sentdir. Azərbaycanda isə bu benzin 94 sentə satılırdı. Aİ-95 benzini ölkə daxilində istehsal etmirik. Xaricdən baha gətirilib burda ucuz satılırdı. Müvafiq fərqi isə təchizatçı şirkət tərəfindən ödənilirdi. Son vaxtlar dünya bazarında neftin və Aİ-95 markalı benzinin qiymətlərinin artması Azərbaycanda müvafiq addımın atılmasına gətirib çıxartdı. Bu, qaçılmaz idi. Nə qədər ki, biz Aİ-95-i idxal edəcəyik, xarici bazardan asılı olacağıq, ölkə daxilində qiymət dəyişikliyi baş verəcək”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat xatırladıb ki, 2020-ci ilin fevral-may aylarında Aİ-95-in qiyməti ölkədə 1 manat 50 qəpikdən 1 manat 10 qəpiyə endirilmişdi: “Bu, dünyada neftin qiymətinin ucuzlaşması ilə birbaşa bağlı idi. Ötən ilin sentyabrında 95-in qiyməti 1 manat 60 qəpik müəyyənləşdirildi. Ondan sonra neftin qiymətində 68-70%-ə qədər bahalaşma olmasına baxmayaraq, Azərbaycan bu benzinin qiymətini sabit saxladı. Sual olunur: Aİ-95-in bahalaşması daxili bazara öz təsirini göstərəcəkmi? Təbii ki, göstərməyəcək. çünki daxili bazar, əsasən, Aİ-92 və dizel yanacağı üzərində formalaşıb. Ölkədə istifadə olunan yanacağın 91%-i Aİ-92 və dizel yanacağıdır. Cəmi 9% Aİ-95 və Aİ-98 markalı benzinlərdir”.
A.Badamov deyib ki, Aİ-95 və Aİ-98 yalnız bahalı avtomobillərdə istifadə edilir: “Bu avtomobillər hər hansı bir xidmətin göstərilməsi üçün deyil, şəxsi rahatlıq üçün, fərdi istifadə olunur. Ona görə də ümumi və xidmət sahələrində fəaliyyət göstərən avtomobillərdə istifadə olunan benzinin qiymətinin sabit qalması hər hansı bir bahalaşmaya gətirib çıxarmayacaq. Dizel yanacağı da ölkəmizdə dünya bazarının ortalama qiymətindən dəfələrlə aşağıdır. Dövlətimizin Aİ-92 və dizelin qiymətlərini aşağı həddə saxlamaqda məqsədi insanların sosial müdaifəsinin gücləndirilməsinə dəstək verməkdir. Biz xarici bazarlardan idxal olunan malların qiymətinin dəyişdirilməsini dövlətin cavabdehliyi kimi ifadə edə bilmərik. Çünki qiymətlər xarici bazarlardan asılıdır. Daxili qiymətlər isə daxili istehsal üzərində formalaşır. Vətəndaşların narazılıqları əsassızdır. Bu gün əsas istifadə olunan Aİ-92 və dizel yanacağının qiyməti həm qonşu ölkələrdən, həm də dünya bazarlarındakı ortalama qiymətlərdən çox aşağıdır. Düzdür, neft istehsal edən ölkəyik. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 2023-cü ildə tam modernləşdirilərək istifadəyə verilməsi nəzərdə tutulur. Bu zavod istifadəyə verildikdən sonra ölkəmizdə Avro-5 standartlı dizel yanacağı və benzinin satış qiymətləri də yenidən dövlətin nəzarətində olacaq. Beləliklə, xarici bazardakı dəyişikliklər ölkə bazarına təsir göstərməyəcək”.