Siyasət 6 İyun 2023, 15:04 | Baxış sayı: 105
"Vətəndaşlarımız mövcud reallığın fərqinə vararaq İrana səfər etməkdən çəkinməlidirlər"

Cari ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı, deputat Fazil Mustafaya Tehranın sifarişi ilə sui-qəsd, habelə İranda dövlət orqanları tərəfindən Azərbaycan vətəndaşı Fərid Səfərlinin oğurlanması bu ölkənin heç bir beynəlxalq norma tanımadığını, molla rejiminin bütövlükdə bəşəriyyət üçün təhdid olduğunu göstərir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, xüsusən azərbaycanlı tələbə Fərid Səfərlinin naməlum şəraitdə oğurlanaraq 4 aya yaxın bir müddətdə barəsində Azərbaycan dövlətinə və onun ailəsinə, yaxınlarına heç bir xəbər verilməməsi qəbuledilməz münasibəti ehtiva edən, işgəncə və pis rəftar şübhəsi üçün əsas verən təhlükəli cinayətkar davranışdır: “Yalnız 4 ay sonra, bu ilin iyun ayında Azərbaycan Xarici İşlər Nazirliyinin ard-arda notaları qarşısında çarəsiz qalan İran tərəfin Fəridin casus olduğuna görə həbs edilməsi kimi gülünc cavab verməsi müasir beynəlxalq hüquq sistemi üçün qəbuledilməz presedentdir. Beynəlxalq ictimaiyyət İranın bu cür saxta, ittihamlarla vətəndaşımıza qarşı dövlət səviyyəsində törədilən insanlıq əleyhinə cinayətə haqq qazandırmaq cəhdlərini rədd etməlidir. Ümumiyyətlə, hüquq sistemlərindən asılı olmayaraq, həm Roman-German, həm Anqlo-Sakson, həm də Teokratik sistemlərdə qəbul olunmuş vahid prinsip var. Şübhəli şəxs tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə, əgər tutulmuş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin diplomatik nümayəndəliyinə bu barədə dərhal məlumat verilməlidir. Eyni qaydada da, təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə.

Lakin İran hüququ da, dini də, adəti də, insafı da bir kənara ataraq Fərid Səfərlini quldurcasına oğurlayıb, barəsində naməlum cinayətkar prosedurlar həyata keçirir və bunu da davamlı sorğulara baxmayaraq Azərbaycan hökumətindən də, ailəsindən də uzun müddət gizlədib. Bu, beynəlxalq hüququn köklü pozuntusu və qonşuluq münasibətlərinə sığmayan bağışlanmaz addımdır. Tehran başa düşmək istəmir ki, bu kimi yersiz, absurd və vəhşi davranışlarla müasir geosiyasi hədəflərə çatmaq mümkün deyil. Amma digər tərəfdən bir reallıq da var ki, İran kimi cılız niyyətlərə köklənmiş dövlətin geosiyasi hədəfinin olub-olmaması özü sual doğurur”.

Bəhruz Məhərrəmov qeyd edib ki, müşahidə olunanlar o qənaətə gəlməyə imkan verir ki, İran bütün tənqid və xəbərdarlıqlara baxmayaraq durmayacaq və belə olan halda vətəndaşlarımız mövcud reallığın fərqinə vararaq İrana səfər etməkdən çəkinməlidirlər.

Xəbərlər