"Vətəndaş Hacıyevi narazı salan məqamlar varsa, buyurub haqqını araya bilər".
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bəxtiyar Hacıyevin vətəndaşlıqdan çıxma istəyi ilə bağlı müraciətinə münasibət bildirib: “Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığından çıxmaq istəyirsə, bunun qanunla müəyyən olunmuş prosedurları var. “Sarı media” ilə birlikdə Prezident Adminstrasiyası önündə şouya rəvac verilməsinə ehtiyac yox idi. Vətəndaşlıqdan çıxmaq üçün Dövlət Miqrasiya Xidmətinə, yaxud ASAN Xidmətə yaxınlaşaraq yazılı müraciətini təqdim etmək, 200 manat da dövlət rüsumunu ödəmək kafidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 17-ci maddəsinə, Prezidentin 1999 və 2007-ci il Fərmanları ilə təsdiq edilmiş müvafiq Əsasnamələrə uyğun olaraq, onun müraciətinə qanunla müəyyən olunmuş müddətdə baxılacaq”.
Deputat bildirib ki, vətəndaşlıqdan çıxmaq üçün bir sıra nüanslar nəzərə alınmalıdır: “Vətəndaş nəzərə alsın ki, onun dövlət qarşısında icra edilməmiş, habelə ölkədə şəxslər qarşısında əmlak öhdəlikləri, yaxud vətəndaş cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya onun vətəndaşlığından çıxması dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, vəsatəti rədd ediləcək. Əks halda, heç bir problem yoxdur. Yəni bu qədər sadə. İndi bu prosesduru dramatikləşdirərək siyasi şouya çevriməyin nə bir əhəmiyyəti, nə də faydası var. Vətəndaşlıqdan çıxarılma sosial media bataqlığında uğursuz təzyiq cəhdi ilə yox, hüquq və qaydalarla həll edilir. Bu məsələdə ictimaiyyət də, media da diqqətli olmalı, yersiz hay-küydən çəkinməlidir”.
B.Məhərrəmov deyib ki, Bəxtiyar Hacıyev xüsusi diplomatik immunitetə, siyasi imtiyaza malik olmayan, dövlət tərəfindən bütün digər vətəndaşlara verilən siyasi və hüquqi təminatlara malik sıravi fiziki şəxsdir: “Azərbaycan hakimiyyəti isə vətəndaşına əngəl və problem kimi baxmır və dövlət vətəndaşını qarşısında mübarizə hədəfi kimi görmür. Ümumiyyətlə, Əliyev iqtidarı müstəqilliyin ilk illərində dəbdə olan “daxildə düşmən axtarmaq” kimi ucuz hislərdən uzaqdır. Əksinə, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi ali məqsəd kimi qoyulub. Azərbaycan dövlətinin qlobal məqsədləri, qlobal hədəfləri var. Cənab İlham Əliyev Azərbaycanı regionda hesablaşılan gücə çevirib. İndi deyirsiniz dövlət bu ali hədəfləri buraxıb, sıravi bir vətəndaşla mübarizəyə enib? Vətəndaş Hacıyevi narazı salan məqamlar varsa, istər yerli, istər beynəlxalq səviyyədə şikayət imkanları var, buyurub haqqını araya bilər. Amma o vətəndaşlıqdan çıxmağı arzu edirsə, baxmayaraq ki, hər bir vətəndaş bizim üçün qiymətlidir, yenə də buyura bilər. Bilirsiniz ki, vətəndaşlıq dövlətə mənsub olmaq, dövlətlə siyasi və hüquqi bağlılıqda qalmaq, habelə, qarşılıqlı hüquq və vəzifələrə malik olmaq deməkdir. İndi Bəxtiyar bəy bu cür bağlılıq arzu etmirsə, bu, onun şəxsi seçimidir və bu yanaşma əslində Azərbaycan ictimaiyyəti üçün də sürpriz olmamalıdır”.
Mənbə: Pravda.az