"Vətən müharibəsində bizə hərtərəfli dəstək verən İsrail dövlətinin ədaləti bərpa edəcəyinə ümid edirik"
“Çox təəssüf ki, İsrail və Fələstin arasında yenidən müharibə başlandı. Ən çox təssüfedici məqam isə budur ki, dinc əhalinin təhlükəsizliyi təmin edilməyib. HƏMAS İsrailin sadə vətəndaşlarını da hədəfə aldı. Çoxlu sayda mülki vətəndaşlar əsir götürülüb. Biz isə ümid edirdik ki, HƏMAS aktiv hərbi hərəkatlardan, hücumlardan çəkinib, artıq siyasi fəaliyyətlə məşğuldur. İsrail tərəfi də bunu bu cür qəbul etməyə başlamışdı. Qəfildən HƏMAS-ın Qəzza zolağından İsrail ərazilərini atəşə tutması, İsrailin müharibə elan etməsi münaqişəni yenidən alovlandırdı. Demək olar, bütün dünyanın gözü bu toqquşmadadır. Lakin istənilən halda, İsrailin gücü ilə HƏMAS-ın gücünü müqayisə etməyin yeri yoxdur”.
Bu sözləri açıqlamasında Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, İsrail öz vətəndaşlarının təhlükəsiziliyini təmin etməlidir: “Hansısa hərbi əməliyyatların həyata keçirilməsi çox çətindir. Dinc sakinlərin təhlükəsizliklərinin təmin edilməsi problem yaradan əsas məqamlardan biridir. 44 günlük Vətən müharibəsinin gedişində İsrail Azərbaycanı açıq formada dəstəkləmişdi. Hətta bundan öncə Azərbaycana müasir, 4-cü nəsil silahların verilməsi, yeni texnologiyaların Azərbaycanda istifadəsi İsrail mütəxəssislərinin və şirkətlərinin Azərbaycanla birgə əməkdaşlığı nəticəsində mümkün olmuşdu. İsrail-Azərbaycan münasibətlərinin tarixi kökləri var. İsraildə Azərbaycan səfirliyi artıq fəaliyyətə başlayıb. İsraillə çox yaxşı münasibətlərimiz mövcuddur. Bu, hətta strateji müttəfiqlik səviyyəsinə qədər yüksələ bilib”.
N.Həmzəyev İsraillə yanaşı, Fələstini dəstəkləyənlərin də olmasına belə münasibət bildirib: “İsrail xalqının müharibə vəziyyətində olmasını heç də istəməzdik. Fələstin xalqı da müsəlmandır. Onların da bu müharibənin bir parçası olması bizi üzən məqamlardan biridir. Konkret olaraq müharibəni pisləyirik. Azərbaycan dünyaya nümunə göstərdi, ədalətli və ləyaqətlə müharibə apardı, dinc sakinlərin təhlükəsizliyini təmin edə bildi. Bu baxımdan, ilk növbədə dinc sakinlərin təhlükə altında qalmalarını pisləyirik. Ümid edirəm ki, bu toqquşma zamanı hansısa dinc sakin zərər görməyəcək, yaxud onların sayı çox az olacaq. İstənilən halda, bu münaqişənin tarixi uzun illərə söykənir. Nəhayət, beynəlxalq güclərin də birbaşa iştirakı ilə Fələstin və İsrail arasında sülhün mümkün olacağına ümid edirik. Azərbaycan vətəndaşlarının da bu məqamda həssas davranacaqlarını düşünürük. Bu məsələdə konkret olaraq dini mövqedən çıxış etmək, yaxud dini mövqeyi daha çox müdafiə etmək hər kəsin şəxsi işidir. Azərbaycanın dövlət maraqlarını nəzərə alsaq, müharibənin ən qısa zamanda bitməsini istəyirik, lakin gəlin açıq danışaq, 44 günlük müharibəmizdə bizə açıq və hərtərəfli dəstək verən İsrail dövlətinin ədaləti bərpa edəcəyinə ümid edirik. İnanırıq ki, bu bölgədə ən tez zamanda sülh bərqərar olacaq. Sülhün olmaması nəticə etibarilə bizə də yaxın olan bu regionda daha böyük müharibələrin olma ehtimalını artırır. Xüsusilə, Suriya və İraqdakı vəziyyətin gərgin olmasını nəzərə alsaq, deyə bilərik ki, hər an bütün bölgəni yenidən böyük müharibə götürə bilər. Ərəb dövlətləri İsrail dövləti ilə münasibətlərini yaxşılaşdırmaqda maraqlı idi. Həmçinin İsrail Türkiyə ilə münasibətlərini inkişaf etdirirdi. Bu baxımdan, müharibə təxribat kimi dəyərləndirilməlidir. Baş vermiş münaqişənin əsas səbəbləri, məhz bu formada yenidən alovlandırılmasına təkan verən şəxslər, dövlətlər mütləq araşdırılacaq və cəzalarını alacaqlar”.
pravda.az