Vitse-spiker: “Qara qüvvələr yenə də Azərbaycana qarşı fəaliyyət göstərməkdədir”
“Tariximizin və taleyimizin ən şərəfli səhifəsi Vətən müharibəsindəki qələbədir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vitse-spiker Fəzail İbrahimli deyib.
Deputat bildirib ki, Zəfər Paradında Prezident İlham Əliyev qalib gəldiyimizi bütün dünyaya bəyan edib: “Özünü yazıq, məzlum kimi dünyaya təqdim edən erməniləri, məkrli düşmənlərimizi biz tarixin ən ağır cəzası ilə cəzalandırdıq. Xristian ağuşuna sığınan, ən yaxşılarımızı sıradan çıxaran, tariximizdə faciələr yaradan dünya erməniçiliyini biz o yuvadan çıxardıq, onlara qalib gəldik. Biz onların tabutuna sonuncu mismarl vurduq. Bizim 30 il ərzində hüquqlarımız pozuldu, bunu bərpa etdik. Beynəlxalq hüquq ayaq altında süründü. Azərbaycana qarşı yenə də qara qüvvələr fəaliyyət göstərməkdədir. Ancaq qalib Azərbaycandır. Qalib mühakimə olunmur. Bu gün qalib hökumət hesabat verir. Ölkənin iqtisadi gücünün gücləndirilməsi hökumətin üzərindədir.
Əvvəllər siyasi münasibətlərdə oliqarxlar parlament üzvlərini saymırdılar. Parlament-hökumət münasibətlərində buna görə əvvəllər ciddi soyuqluq var idi. Təhsil sistemində də elə vəziyyət var idi ki, hələ də reanimasiyadan təhsil sistemimiz çıxa bilmir. Mədəniyyətimizdə də eynilə. Azərbaycan mədəniyyətinə axıra qədər xidmət edənlər kölgədə qaldılar. Mənəvi-psixoloji tərəfləri ilə bu oliqarxlar hökumətin fəaliyyətini xalqın gözündən saldılar. Bütün məsələlərdə təmkini ilə seçilən, inqilab yolu ilə deyil, islahat yolunu seçən dövlət başçısı yeni hökumət üzvlərini təyin etdi. Bu gün hökumət üzvlərindən hansısa öz davranışı ilə cəmiyyətə göz dağı verən yoxdur. İkincisi, siyasi münasibətlərdə də hökumət və parlament arasında münasibətlər ən isti səviyyəsindədir. Hökumətin ümumi fəaliyyətinə kölgə salan qüsurlar bu gün yoxdur”.