Siyasət 6 Aprel 2023, 14:49 | Baxış sayı: 96
“Vaxtı gələndə İran xalqı özü fars-molla rejiminin layiqli cavabını verəcək, ədalət bərpa olacaq”

“İran parlamentinin Azərbaycana qarşı bəyanatla çıxış etməsi qeyri-səmimi və riyakarlıq nümunəsi kimi dəyərləndirilməlidir. İran unudur ki, İsraillə Azərbaycan münasibətləri uzun tarixi dövrə əsaslanır. Yəhudi xalqı Azərbaycanda, bəlkə də, dünyada yeganə nümunədir ki, heç vaxt təzyiqlərə və təqiblərə məruz qalmayıb. Yəhudi xalqı ilə Azərbaycan xalqı qardaş, dost, qonşu münasibətlərini həmişə davam etdirib. Bu gün də dünyanın müxtəlif yerlərində Azərbaycan əsilli yəhudilər Azərbaycan həqiqətlərini təbliğ edir, ölkəmizə öz dəstəklərini göstərirlər. Uzun illərdir, Azərbaycanda İsrail səfirliyi fəaliyyət göstərir. Azərbaycan da Azərbaycan-İsrail münasibətlərinin inkişaf etdirilməsinə, bu münasibətlərin daha da güclənməsinə həmişə töhvəsini verib. Ancaq təəssüf ki, İran bu müddət ərzində açıq formada Ermənistana - qeyri-müsəlman bir ölkəyə öz dəstəyini nümayiş etdirib. Azərbaycanın İslam həmrəyliyinə, İslam Əməkdaşlıq Təşkilatına verdiyi dəstəyə, töhfələrə baxmayaraq İran həmişə gizli formada Ermənistanı dəstəkləyib. Bu proseslərin davamı olaraq Vətən müharibəsi bitdikdən sonra Azərbaycan sərhədinə ordu toplaması, Azərbaycanı açıq şəkildə təhdid etməsi, Ermənistanı dəstəkləməsi, yekun olaraq Qərbi Zənəlgəzur-Qafan ərazisində İran Konsulluğunu açması İranın əslində İslam dəyərlərinə deyil, öz fars-molla rejiminin dəyərlərinə önəm verdiyini ortaya qoyur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, İran müsəlman, türk-Azərbaycan xalqını yox, Ermənistanın faşist siyasətini dəstəkləyir: “Heç kimə sirr deyil ki, Ermənistan uzun illər Azərbaycan ərazisində işğalçılıq siyasəti həyata keçirib. Bu müddət ərzində bir dəfə də olsun İran tərəfindən Ermənistana qarşı təzyiqin, yaxud hansısa bəyanat səslənməsinin şahidi olmamışıq. İran Ermənistanla bağlı “qırmızı xətt”ini bəyan etməklə Azərbaycanla təhdid dilində danışıb. Bunun davamı olaraq İran Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının hələ də doğru-düzgün araşdırılmasını, cinayətkarın qanun qarşısında cavab verməsini təmin edə bilməyib. Bütün dünya bunu terror aktı kimi qəbul etdi, İranı qınadı. Rəsmi Tehran isə terror hadisəsinə görə hələ də Azərbaycandan üzr istəməyib. Əksinə, bunun davamı olaraq Azərbaycanda ixtişaşlar törətmək, gərginliyi artırmaq, dini zəmində münaqişələr formalaşdırmaq məqsədilə hərəkətlərin birbaşa İranla əlaqəli olması artıq Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən sübuta yetirilib. Həmkarımız Fazil Mustafaya qarşı törədilmiş terror aktının da arxasında İrana bağlı şəxslərin olması bunu deməyə imkan verir ki, İran açıq formada terroru, terror vasitəsilə Azərbaycana təsirlərini artırmaqdadır. İranın məhz İsraildə səfirliyimiz açılandan sonra Azərbaycana qarşı bəyanatla çıxış etməsinin heç bir əsası yoxdur. İran yenidən qeyri-səmimi münasibət ortaya qoyur. Törətdiyi üzdəniraq hadisələrə, terror aktlarına müəyyən dərəcədə haqq qazandırmaq istəyir. Rəsmi Tehran həyata keçirdiyi siyasəti müəyyən dərəcədə ört-basdır etmək, İslam dünyasını Azərbaycana qarşı qaldırmaq istəyir. Lakin bunun heç bir hüquqi və mənəvi əsası yoxdur. Fars-molla rejimi İslam dəyərlərinə deyil, qeyri-İslam dəyərlərinə hörmət edir. 30 ilə yaxın Azərbaycanın işğal altındakı ərazilərində mövcud olan məscidlərin dağıdılmasına bir dəfə də İranın etirazını eşitmədik. Qarabağ ərazilərindəki məscidlərimizdə ermənilərin donuz və başqa heyvanlar saxlamalarına qarşı İranın hansısa bəyanatını da eşitmədik. Bu gün isə Azərbaycanın öz suveren haqqı olan istənilən ölkədə, o cümlədən İsraildə səfirlik açmasına qarşı belə mövqe sərgiləməsi yalnız və yalnız öz uğursuz və cinayətkar siyasətinə haqq qazandırmaq üçündür. Azərbaycan beynəlxalq hüquqa, beynəlxalq təşkilatlara, konvensiyalara və mövcud beynəlxalq mühitə həmişə hörmətlə, qanunlar çərçivəsində yanaşıb. Bu gün Azərbaycanın hansısa ölkədə səfirlik açması, münasibətlərini inkişaf etdirməsi üçüncü bir dövlətə qarşı deyil. Bu, yalnız və yalnız ikitərəfli münasibətlərin inkişafına xidmət edir. İran ilk növbədə insan haqlarına, beynəlxalq hüquqa, İslam dəyərlərinə, müsəlman qardaşlığına hörmət etməyi öyrənməlidir. Azərbaycana qarşı törədilmiş təcavüzkar və işğalçı siyasəti həyata keçirən Ermənistanı dəstəkləməkdən əl çəkməlidir. İran unutmamalıdır ki, onun ərazisində 45 milyondan çox Azərbaycan türkü yaşayır. Ən azından onların hissləri ilə oynamamlı, onlara qarşı bu cür addımlar atmamalıdır. Azərbaycan ona qarşı edilmiş xəyanəti heç zaman unutmur, bağışlamır. Düşünürəm, vaxtı gələndə İran xalqı özü fars-molla rejiminin layiqli cavabını verəcək və İranda ədalət bərpa olacaq. İran tərəfindən səsləndirilən faktların, Azərbaycana qarşı təhdid dilində danışmağın heç bir hüquqi, mənəvi əsası yoxdur. İran tərəfi bu addımından peşman olacaq və Azərbaycandan gec-tez üzr istəyəcək”.

Xəbərlər