Siyasət 17 Noyabr 2023, 18:21 | Baxış sayı: 140
"Vaşinqtonun Azərbaycanla bağlı siyasəti erməni lobbisi tərəfindən idarə olunur"

“Vaşinqtonun Azərbaycanla bağlı siyasəti erməni lobbisi tərəfindən idarə olunur və ölkəmizə qarşı qəbul edilən bütün qərəzli qərarlar ermənilərin təşəbbüsü ilə gündəmə gəlir. ABŞ-nin ermənipərəst siyasəti Azərbaycanı özündən uzaqlaşdırır. Hətta 1992-ci ildə “Azadlığa dəstək” aktına edilən 907-ci düzəliş də Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz qərar idi. Çünki Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq Azərbaycan “işğalçı” kimi qələmə verilmişdi və ölkəmizə qarşı qərar qəbul olunaraq 10 il bizə dəstək göstərilməmişdi. Sonra da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra etdirilməsi ilə bağlı yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ münaqişənin həlli istiqamətində heç bir addım atmadı, əksinə, torpaqlarımızda erməni işğalını əbədiləşdirməyə çalışdı. Buna görə də 3 il əvvəl müharibə qaçılmaz oldu və Azərbaycan öz torpaqlarını güc yolu ilə işğaldan azad edərək bütün ərazilərində suverenliyi bərpa etdi”. 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Deputat bildirib ki, Azərbaycanın güclənməsini və öz ərazilərində suverenliyinin bərpasını ABŞ, eyni zamanda Fransa həzm edə bilmir: “Çünki yaxın 10 illərin dünya praktikasında heç bir dövlət Azərbaycan kimi öz gücü ilə işğalı sonlandırıb ərazilərində suverenliyini bərpa edə bilməyib. Belə məsələlər həmişə ABŞ-nin ssenarisi ilə həll olunur və bu ssenarilərdə sabitlik deyilən bir məfhum heç vaxt olmur. Tarix yenidən təkrarlanır və ABŞ Azərbaycana qarşı yenidən hədə dili ilə danışmağa başlayıb. Azərbaycan isə hədəni qəbul etmir və Ermənistandan fərqli olaraq ABŞ-nin yardımından asıllı deyil. Yeri gələndə Azərbaycan özü ehtiyacı olan dövlətlərə yardımlar göndərək humanistlik nümayiş etdirir”. 

 

A.Badamov vurğulayıb ki, ABŞ hədə dili ilə danışdığına görə ölkəmiz Vaşinqtonun sülh təşəbbüsünə qoşulmaq üçün səfərə getmir: “Çünki onların təklif edəcəkləri məsələlər qabaqcadan bəllidir və bizim üçün məqbul deyil. Harada hədə və qərəz varsa, orada sülh ola bilməz. Bununla yanaşı, Azərbaycan sülhün beynəlxalq normalar çərçivəsində imzalanmasını dəstəkləyir və 15 sentyabrda Ermənistana verilmiş təkliflərimizin cavabını gözləyirik. Sülh danışıqları neytral bir məkanda ikitərəfli formatda aparılmalıdır. Bunu da qeyd edim ki, regionda maraqlarını həyata keçirmək istəyən dövlətlərin məkanları regionumuza heç vaxt sülh və əməkdaşlıq gətirməyəcək”. 

pravda.az

Xəbərlər