Siyasət 28 İyun 2023, 22:38 | Baxış sayı: 84
"Vaşinqtonda müzakirə ediləcək bir nömrəli məsələ məhz Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin çıxarılması olmalıdır"

"Ermənistanın ali siyasi rəhbərliyi yenə köhnə ampluasındadır. Daha dəqiq desək, öz sələflərinin yeritdiyi xəttə sadiqdir. Belə ki, adətən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müsbət proses, tendensiya gedərkən elə Köçəryan-Sərkisyan dönəmində də təxribatlara əl atılardı. Məqsəd bu idi ki, kövrək, müsbət proseslər fiaskoya uğrasın, heç bir nəticə verməsin. Eyni dəst-xətti bu gün Paşinyan hakimiyyəti də qoruyub-saxlayıb. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində, sülh müqaviləsinin imzalanması prosesində münbit şəraitin yaradılması yönündə addımlar atıldığı bir zamanda Ermənistan Silahlı Qüvvələri və ona paralel şəkildə Qarabağda fəaliyyət göstərən qeyri-qanuni hərbi hissələr yenə də təxribatlara, hərbi insidentlərə əl atırlar. Bu, dəfələrlə belə olub, bu gün də belədir. Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri oradan tərk-silah edilməsə, çıxarılmasa, sabah da belə olmayacağına heç kim təminat verə bilməz".

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə danışıqlara getdiyi bir zamanda Qarabağdakı qeyri-qanuni erməni hərbi hissələri yenidən təxribata əl atıblar: "Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini yenidən atəşə tutublar. Bu reallıq artıq bir həqiqəti diqtə edir: danışıqlarda müzakirə ediləcək bir nömrəli məsələ məhz Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin çıxarılması, tərk-silah edilməsi məsələsi olmalıdır. Nə qədər ki, bu, baş verməyib, Qarabağda heç bir sabitlikdən, təhlükəsizlik mühitindən söhbət belə gedə bilməz. Bu həm də məlum 10 noyabr üçtərəfli bəyanatının dördüncü bəndinin mühüm şərti, bəndi kimi icra edilməlidir. Təəssüf ki, hələ də icra edilmir. Cənab Prezident İlham Əliyev də məhz bu məqama diqqəti cəlb edərək söyləmişdi ki, Ermənistan 10 noyabr sənədində əksini tapmış nəqliyyat kommunikasiyalarının bərpası, Zəngəzur dəhlizinin işə salınması ilə bağlı öhdəliyini icra etmir, eyni zamanda Qarabağdakı qeyri-qanuni hərbi birləşmələri çıxarmır, onları tərk-silah etmir. Bu isə regionda vəziyyəti çox mürəkkəb saxlayır. Hadisələrin bundan sonrakı inkişafına görə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək".

Mənbə: pravda.az

Xəbərlər