Siyasət 28 İyun 2023, 23:14 | Baxış sayı: 179
"Vaşinqton görüşü ərəfəsində ermənilərin təxribatı sülh danışıqlarını hədəfə alıb"

Vaşinqton görüşü ərəfəsində ermənilərin Azərbaycan ərazisində törətdikləri təxribat və terror sadəcə, təxribat deyil, sülh danışıqlarını hədəfə alan xüsusi məqsədli təxribatdır.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, görünür ki, Ermənistan və Azərbaycan arasında mümkün sülh üçün hər iki tərəfin baş diplomatının görüşdən əvvəl müəyyən ümidverici bəyanatlar səsləndirməsi regionda sülhə qarşı olanların xoşuna gəlməyib və Qarabağdakı terrorçuları növbəti təxribata təşviq ediblər: “Məsələ ondadır ki, bu gün belə terrorçuların sayı Azərbaycanın Qarabağ bölgəsində 10 mindən çoxdur. Onların bu günədək ərazimizdə qalmaları isə birbaşa Rusiya sülhməramlılarının fəaliyyəti, ya da fəaliyyətsizliyi ilə bağlıdır. Hər iki hal sülhməramlıların sülhlə bağlı niyyətlərinə şübhə yaradır. Ona görə ki, həmin silahlı terrorçular məhz sülhməramlıların regiona daxil olmasına paralel olaraq ölkəmizdən çıxarılmalı idilər. Bununla bağlı üçtərəfli Bəyanatın 4-cü bəndində xüsusi şərt də var. Ancaq bu gün və bu günə qədər ərazimizdə baş verən bütün təxribatlar elə sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizdə baş verib. Deməli məntiq onu diqtə edir ki, bu təxribatlarda sülhməramlıların da çox böyük məsuliyyəti var. Ancaq törədilən heç bir təxribat şanlı silahlı qüvvələrimiz tərəfindən cavabsız buraxılmayıb. Yəni ermənilərin sonuncu təxribatına qarşı həyata keçirdiyimiz “Qisas” əməliyyatı Fərrux, Sarıbaba, Laçın yolu kimi əməliyyatlarımızın qətiyyətli davamıdır. Ona görə də regionda sülh istəməyən güclər - Qərbdə, Şimalda, Cənubda, hansı qütbdə olurlarsa olsunlar, bilməlidirlər ki, Azərbaycan daimi sülh üçün hər cür qətiyyətli addımı atmağa hazırdır və atacaq. Dediyimiz güc mərkəzlərinin bu məsələni yenidən öz maraqları naminə Azərbaycan üzərində təzyiq mexanizminə çevirməyə imkan verməyəcək”.

Mənbə: APA

Xəbərlər