“Vahid Əhmədov layiqli cəzasını alacaq”
Milli Məclisin qocaman üzvlərindən biri olan, çox böyük təcrübəyə malik deputat Vahid Əhmədovun təxribatçı fəaliyyəti ilə məşhur olan bir bloqerə verdiyi müsahibədə səsləndirdiyi fikirlər məni çox təəccübləndirdi. Hesab edirəm, bu fikirlərin müəllifi olan Vahid Əhmədov nəyisə çaşıb, yaxud bloqerin təxribatçı sualları qarşısında özünü itirib belə mövqe sərgiləməyib. Vahid Əhmədov kifayət qədər təcrübəli şəxsdir və nə dediyinin fərqindədir. Onun səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin, onun ali siyasi rəhbərliyinin, xüsusilə son 20 il ərzində həyata keçirdiyi siyasətə, qazanılmış uğurlara kölgə salmaqdan başqa bir şey deyil.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
“Ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin əsasında Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Cənab Prezidentin tapşırığı ilə büdcəmizdə ən böyük paya məhz sosial istiqamət malikdir. Bu reallıq fonunda Vahid Əhmədov Azərbaycan dövlətinin yürütdüyü sosial siyasəti çox kəskin tənqid edir. Əsassız iddialar ortaya qoyur. Azərbaycan vətəndaşlarında dövlətə və onun rəhbərliyinə qarşı etimadsızlıq mühitinin formalaşmasına xidmət edən addım atır. Azərbaycanda seçkilər keçirilərsə, Yeni Azərbaycan Partiyası, AXCP və Müsavat Partiyasının səs qazanacaqlarından bəhs edən Vahid Əhmədov məgər bilmirmi ki, AXCP Milli Şuranın, əslində isə anti-milli şuranın üzvüdür və heç bir sosial bazası yoxdur? Ən mürəkkəb çağlarda AXCP dövlətin və dövlətçiliyin yanında dayanmayıb. Bunu məqsədyönlü şəkildə edib. Vətən müharibəsinin gedişində bütün siyasi partiyalar ortaq mövqedən çıxış etdilər, dövlətin, dövlətçiliyin, Ali Baş Komandanın yanında olduğunu bildirdilər. O zaman AXCP bu prosesə qoşulmadı. Çünki ona tarixi zəfərimiz lazım deyildi. Bu, dönüklük, satqınlıqdır. Müsavat Partiyası bu prosesdə iştirak etmədi. Mən başa düşə bilmirəm, öz xalqına, dövlətinə qarşı satqın və dönük siyasət həyata keçirən bir partiyanı xalq necə müdafiə edə bilər? Vahid Əhmədov niyə hesab edir ki, AXCP, Müsavat xalqın böyük etimadını qazanıb parlamentdə yer tuta bilərlər? Kökündən yanlışdır. Bu, anti-milli partiyaların dəyirmanına su tökməkdən başqa bir şey deyil. Vahid Əhmədov çıxışında bütün bu strateji səhvlərin ardınca növbəti bağışlanmaz səhvə imza atıb. O qeyd edib ki, Azərbaycan dövlətinin mövqeyi belədir, gözlər bura baxır və həmin gözlərin içində Rusiyanın adını çəkir, deyir ki, düşmən İranın gözləri Azərbaycana dikilib. Eyni zamanda qardaş, dost Türkiyənin adını çəkir. Yəni Türkiyənin də gözləri Azərbaycana dikilib. Bu, nə məntiqdir? Bu, erməni dəyirmanına su tökməkdən başqa bir şey deyil. Nəzərə alsaq ki, məhz Türkiyə dövləti, onun ali siyasi rəhbərliyi, şəxsən cənab Ərdoğan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan dövlətinin, xalqının, ordusunun yanında oldu. Bizə çox böyük siyasi və mənəvi dəstək verdi. Türkiyə tarixi zəfərimizin əldə edilməsində çox böyük rola malikdir. Mayın 14-də Türkiyədə tarixi parlament və Prezident seçkiləri gəlir. Vahid Əhmədov bununla nə demək istəyir? Türkiyədəki seçkilərdə indiki iqtidarın məğlubiyyətinə çalışır? Türkiyə müxalifətini tərifləyir və onun yanında olduğunu bildirir? Çox suallar var. Hesab edirəm, bu gün parlamentdə də həmkarlarımız haqlı olaraq Vahid Əhmədova çox kəskin şəkildə etirazlarını bildirdilər. Milli Məclisin İntizam Komissiyasında onun bu məuliyyətsiz, dövlət və dövlətçilik əleyhinə mövqeyinə baxılması məsələsini qaldırdılar. Sahibə xanım Qafarovanın təqdimatı ilə Vahid Əhmədovun səsləndirdiyi anti-milli fikirləri ilə bağlı məsələyə Komissiyada baxılacaq. Hesba edirəm, o, öz layiqli cəzasını alacaq. Müxalifətdə olmaq olar, iqtidarı tənqid etmək də olar. Amma dövlətə və dövlətçiliyə müxalif olmaq olmaz. Həm də bu səviyyədə şər-böhtanla, iftiralarla dolu ittihamlar fonunda, ümumiyyətlə, qəbuledilməzdir”, - E.Nəsirov qeyd edib.