“Utanmırlar, gedin ciddi işlə məşğul olun”
“Azərbaycanın radikal müxalifət dairələri o qədər miskinləşiblər ki, artıq iqtidarın atdığı bu və ya digər addımı belə öz adlarına çıxarmaqdan çəkinmirlər, utanmırlar. Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi formalaşmış vəziyyətdə ən düzgün addım olaraq humanitar yüklərin Qarabağda yaşayan erməni icmasına çatdırılması üçün Ağdam-Xankəndi yolunu təklif edib. Bu yol tamamilə standartlara uyğun, təhlükəsiz yoldur. Cənab Prezident İlham Əliyev də Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında söylədi ki, Ağdam-Xankəndi yolu ilə yüklər daşınacaq, paralel şəkildə Laçın-Xankəndi yolu da istifadə oluna bilər. Faktiki hələ Qarabağda yaşayan ermənilərin doğrudan da gündəlik tələbat mallarına bu qədər ehtiyacları varsa, bunun təminatı üçün Azərbaycan iki yol təqdim edir. Deməli, problem başqa şeydədir: onların məkirli niyyətlərində, Azərbaycana qarşı beynəlxalq ictimai fikri formalaşdırmaqda, beynəlxalq aləmdə təzyiq siyasətinin həyata keçirilməsinə nail olmaqda. Azərbaycan müxalifəti isə bu halda Ermənistanın hərbi-siyasi hakimiyyətini, onun himayədarlarını, xüsusilə Fransanın yeritdiyi anti-Azərbaycan siyasətini tənqid etmək, sərt mövqe ifadə etmək əvəzinə indi bir-biriləri ilə çox “ciddi” polemikaya başlayıblar”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, Ağdam yolu ilə Xankəndinə yardım göstərilməsi ideyasını biz təklif etmişik. Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov isə Əli Kərimlinin bu mövqeyinə qarşı öz etiraz səsini ucaldıb deyir ki, xeyr, belə deyil, təklifin müəllifi bizik. Ümid Partiyasının sədri İqbal Ağazadə isə bir qədər də irəli gedib deyib ki, niyə dava edirsiniz, yardım göndərilməsi planını mən təklif etmişəm. Fikir verirsiniz də... Məsələnin mahiyyəti qalıb kənarda, Ermənistan və onun himayədarları əleyhinə bir kəlimə də mövqe yoxdur. Gecə-gündüz Azərbaycan əleyhinə Ermənistanın və Fransanın dezinformasiya maşınını işə saldıqları, yalan, iftira yaymaları bir kənarda qalıb, başlayıblar ki, ideyanın müəllifi bizik. Bir-biriləri ilə polemika, mübahisə aparırlar. İnsan gör nə qədər sosial bazasını itirər, yalqız qalar ki, artıq öz varlığını, “fəaliyyətə” malik olduğunu göstərmək üçün ayrı-ayrı fikir və ideyaları oğurlayıb onun ətrafında polemika qursun. Doğrudan da Azərbaycan müxalifətinin bu nümayəndələrinə baxanda adamın yazığı gəlir. Gedin ciddi işlərlə məşğul olun”, - deputat bildirib.
pravda.az