Cəmiyyət 2 Avqust 2021, 17:56 | Baxış sayı: 307
"Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub".

Deputat Eldəniz Səlimov haqqında danışılanlara münasibət bildirdi:

"Sosial şəbəkələrdə haqqımda gedən fikir və açıqlamalardan məlumatlıyam. Jurnalist marağının peşə fəaliyyəti ilə bağlı olduğunu anlayışla qarşılayıram. Bunu da bilirəm ki, insaniyyətlik və həssaslıq göstərib şəxsimlə maraqlananlar da var. Açığını deyim, təkcə ona görə susmadım ki, deməyə sözüm yoxdur. Sadəcə, hörmətli həmkarlarımı və məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq üçün, aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarımın təsir, təzyiq kimi qarşılanmaması üçün bu neçə gündə susdum. Etdiyim hərəkətin yanlış olduğunun fərqində olmam da susmağımın səbəblərindən biridir".

Deputat öz sosial media hesabında səhvinə görə Prezident İlham Əliyevdən, YAP təmsilçilərindən, həmkarlarından, seçicilərindən və xalqdan üzr istədiyini yazıb: "Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, İstintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək". 

Qeyd edk ki, avqustun 1-ndə Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılıb.

E. Səlimov iclasda çıxış edərək əməlini etiraf edib, üzr istəyib.

İntizam komissiyası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.

Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

YAP Xaçmaz rayon təşkilatının İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Adil oğlu Səlimov YAP üzvlüyündən xaric edilib.

Xəbərlər