KOMİTƏ İCLASLARI 28 Oktyabr 2022, 14:08 | Baxış sayı: 148
Uşaqların cinsi istismarının qarşısını almaq üçün qanunvericilik bazası yaradılır

Oktyabrın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, komitə sədri Zahid Oruc bildirib ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

Zahid Oruc, əvvəlcə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Konvensiyaya uyğun olaraq, layihədə təklif edilən dəyişikliklər milli qanunvericilikdə qabaqlayıcı tədbirlərin, qurbanlara yardım və maddi cinayət hüquqi normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur.

Qeyd edilib ki, dəyişikliklərdə uşaqlarla işləyənlərə dair qoyulan tələblər, hüquqi şəxslərə dair cinayət hüququnun tətbiqi, valideynlik hüququndan məhrumetmə, yetkinlik yaşına çatmayan şəxslərin dairəsinin müəyyənləşdirilməsi, uşaqların müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Sənəddə cinsi istismar qurbanlarına hüququ yardım formaları və qaydaları, belə hadisələrin öyrənilməsi, bununla bağlı maarifləndirmə işinin aparılması ilə əlaqədar məqamlar yer alıb.

Məsələnin mahiyyətindən bəhs edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, Əmək, Ailə, Cinayət-Prosessual məcəllələrinə, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Ümumi təhsil haqqında” və digər qanunlara təklif edilən dəyişikliklər uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün, eyni zamanda belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılması məqsədilə hazırlanıb. Bununla yanaşı, Cinayət Məcəlləsinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan bəzi cinayət tərkibləri təkmilləşdirilir. Eyni zamanda, qeyd edilən cinayət əməlləri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə həmin maddələrin sanksiyalarının sərtləşdirilməsi təklif edilir.

Komitənin sədr müavini Tahir Kərimli, üzvləri Bəhruz Məhərrəmov və Jalə Əhmədova layihədə təklif edilən dəyişikliklərin əhəmiyyətindən danışıblar. Deputatlar uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınmasının, bu sahədə nəzarət mexanizmlərinin vacibliyini qeyd ediblər.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Sonra komitə sədri Zahid Oruc “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsi (ikinci oxunuş) barədə danışıb. O, bildirib ki, Konstitusiya qanununda insan hüquqları sahəsində ombudsmana verilmiş bir sıra səlahiyyətlərin yeni icra mexanizmləri müəyyən edilir və təkmilləşdirilir.

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda komitə üzvləri Tural Gəncəliyev, Naqif Həmzəyev, Elşad Mirbəşir oğlu, Fazil Mustafa, Hikmət Məmmədov, Razi Nurullayev, Elman Nəsirov iştirak ediblər.

Xəbərlər