“Uşaqlar məktəb yaşlarından müəyyən təkliflərlə çıxış etməyi bacarmalıdırlar".
“Son dövrlər müşahidə edirəm ki, bizim uşaqlar özünüifadə, nitq məsələlərində bir az geri qalıblar. Misal üçün, qardaş Türkiyədə şagirdlərin, tələbələrin danışığı, diksiyası, özlərini aparması və vətənpərvərliyi bizimkilərlə müqayisədə daha yaxşı inkişaf edib. Azərbaycanda bu bacarıqları şagirdlərə aşılamaq üçün müəllimlərin Türkiyədə müvafiq kurslara yazılmaları, müəyyən təcrübə qazanmaları tövsiyə edilir. Gərək, uşaq yaşlarından dövlətə, vətənə həsr olunmuş vacib tədbirlərdə iştirak edəsən, fikrini, sözünü deyəsən. Şeir əzbərləyib deməkdən heç nə çıxmır. Bu, dərindən, kökdən gəlməli, dediyi sözlər uşağın öz düşüncəsindən doğmalıdır”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Parlament üzvü bildirib ki, Azərbaycanda uşaqlar lazımsız yerə utanıb, çəkinir, özlərini rahat ifadə edə bilmirlər: “Uşaqlar məktəb yaşlarından müəyyən təkliflərlə çıxış etməyi bacarmalıdırlar. Qoy, düzgün təklif olmasın, bəyənilməsin, amma uşaq özünü ifadə edə bilsin, fikrini çatdırsın. Müəyyən təkliflərlə uşaq yaşlarında çıxış etmək gələcəkdə həmin şəxsə kömək edəcək, hardasa mütəxəssis kimi çalışanda öz fikrini deyə biləcək. Doğrudan da, məktəb həyatı unudulmazdır, həmin günlər həmişə xatirəmizdədir. Məndən soruşsalar ki, məktəb yoxsa universitet xatirələri yadında qalıb, sözsüz ki, “məktəb xatirələri” deyə cavablayaram. Məktəb məktəbdir də, doğrudan da, unudulmazdır”.