“Uşaq qidaları və bezlərinin əlavə dəyər vergisindən azad olunması yaxşı olardı ”.
“Uşaq qidaları və bezlərinin əlavə dəyər vergisindən azad olunması yaxşı olardı ”.
APA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, bu, minlərlə azərbaycanlı gənc ailələrin əsas problemidir: “Qonşu Gürcüstanda hətta uşaq geyimləri ƏDV-dən də azaddır. Azərbaycanda da uşaq qidaları və bezlərə ƏDV ya ləğv edilsin, ya da azaldılsın. Uşaqların qidalanması onların bütün gələcəyi ilə bağlıdır. Bu, bizim genefondumuzdur. Kifayət qədər az və orta təminatlı ailələr üçün uşaq qidaları və bezlər bahalıdır. Biz çox xahiş edirik ki, boşanan ailələrin, aliment ala bilməyən anaların sayını nəzərə alaraq, gənc ailələrə dəstək məqsədilə uşaq qidaları və bezlərə tətbiq edilən ƏDV azaldılsın. Bu ailələrə dəstək olardı. Bu məsələyə baxılması vacibdir”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də uşaq qidaları və bezlərinin ƏDV-dən azad olunmasını vacib sayıb: “Nə uşaq qidaları, nə də uşaq bezləri Azərbaycanda istehsal olunur. Hökumətdən xahiş edirəm ki, bu istiqamətdə iş aparsın. Bu iş iki istiqamətdə aparılmalıdır. Birincisi, ölkədə bu məhsullarının istehsalına başlanılmalı, ikincisi, bu məhsulların ya güzəştli şərtlərlə vergidən azad olunması, ya da ƏDV-dən azad olması yaxşı olardı”.