“Uşaq evləri ilə bağlı stereotipləri aradan qaldırmalıyıq, bu müəssisələrin adları, iş fəaliyyəti dəyişməlidir”
Bakının Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evində baş verənlər bir neçə gündür, ölkə gündəmindədir. Baş verənlərin fonunda təklif edilir ki, uşaq evlərinə nəzarət gücləndirilməlidir. Bunun üçün də uşaq evləri Bakı Şəhər İcra Hakimiyyətinin tabeleyindən alınmalı, aidiyyatı üzrə bu məsələyə məsuliyyətlə yanaşacaq başqa quruma verilməlidir, çünki problem təkcə 3 saylı Uşaq Evində deyil, digərlərində də vəziyyət ürəkaçan deyil.
Məsələyə münasibət bildirən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Pravda.az-a açıqlamasında deyib ki, uşaq siyasətinin reallaşmasında güclü qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi çox vacibdir.
Deputat qeyd edib ki, son illər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Lanzarote Konvensiyası” kimi tanınan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası haqqında Azərbaycan Respublikasının qanunları qəbul edilib: “Eyni zamanda, bir sıra mövcud qanunlara əlavə və dəyişikliklər olunub. Bundan əlavə, “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”, “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər” “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam və Fərmanı təsdiq edilib. Bunu da vurğulamalıyam ki, Ölkə başçısı İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım uşaq hüquqlarının müdafiəsi istiqamətində hər bir aktual məsələni nəzərə alır. Həmçinin 2012-ci ildən cənab Prezidentin Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydaya” əsasən, mütəmadi olaraq dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinq aparılır. Biz bəzən müşahidə edirik ki, bu və digər müəssisələrdə peşəkar mütəxəssislərin sayı azdır, ixtisaslı kadrlar çatışmır, müəssisədə yaşayan uşaqlara fərdi yanaşmaq, onun üçün xüsusi individual proqram tərtib etmək lazımdır. Onlar üçün elə bir mühit yaratmaq lazımdır ki, özlərini doğma yerdə hiss etsinlər. Ümumiyyətlə, bu müəssisələrlə bağlı mövcud stereotipləri aradan qaldırmalıyıq. Bu müəssisələrin adları, iş fəaliyyəti dəyişməlidir”.