“Unutmasınlar ki, Ali Baş Komandan cənab İlham Əliyevin formalaşdırdığı Ordunun səbrinin limiti var, tükənə bilər”
“Ermənistan Silahlı Qüvvələri aprelin 11-də hərbi mövqelərimizə qarşı iriçaplı silahlardan istifadə etməklə növbəti hərbi insidentə imza atıb. Üç nəfər şəhidimiz var, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycan Silahlı Qüvvələri şəhidlərimizin qisasını qətiyyətlə aldı. Ermənistan tərəfi çoxsaylı itkilər verib, hərbi postlarını qoyub qaçıb, yenə fərrarilik edib. İndi ən çox düşündürən sual budur ki, Ermənistan niyə məhz indi belə bir hərbi insidentə imza atır? Hesab edirəm, bunun iki əsas səbəbi var. Birincisi, Ermənistan çox gözəl bilir ki, İran-Azərbaycan münasibətləri ən mürəkkəb dövrünü yaşayır, Azərbaycana qarşı hərbi təxribat həyata keçirərkən açıq və gizli şəkildə İran onu dəstəkləyəcək. Əvvəllər bu, daha çox gizli olardı, amma indi açıq müstəvidə baş verir. Faktlar da bunu təsdiqləyir....”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Ermənistan hərbi insident törədərkən İran PUA-larından istifadə etdi, eyni zamanda həmin anlarda İranın PUA-ları Ermənistan və Azərbaycan sərhədi boyunca kəşfiyyat uçuşları həyata keçirib: “Yəqin ki, İran kəşfiyyat uçuşları nəticəsində əldə etdiyi məlumatları Ermənistan tərəfinə ötürür. Ermənistanı ruhlandıran, belə bir hərbi təxribata imza atmağa sövq edən növbəti amil Avropa İttifaqının iki il müddətində Ermənistan sərhədinə yerləşdirilmiş 100 nəfərdən ibarət siyasi-hərbi missiyasının məsuliyyətsiz davranışıdır. Ermənistan arxayındır ki, onlar Ermənistanın hərbi avantürasına münasibətdə gözləmə, seyrçi mövqedə dayanacaqlar, kənar müşahidəçi statusunda prosesləri izləyəcək, hesabatlarında isə Ermənistanın xeyrinə mövqe ifadə edəcəklər. Yəni daha çox Avropa İttifaqının gizli dəstəyi ilə Ermənistan hərbi təxribat həyata keçirə biləcək. Bu inam onlarda hasil olub. İranın açıq-aydın, Avropa İttifaqının isə gizli və dolayısı şəkildə Ermənistanı müdafiə etdiyi bir reallıqda Ermənistan belə ürəkli olub. Nəhayət, Ermənistan hakimiyyətinə yaxın olan KİV-in yaydığı məlumata görə, yaxın zamanlarda Vaşinqtonda Azərbaycan və Ermənistanın siyasi liderlərinin görüşü keçirilməli idi və bu görüş çərçivəsində fundamental məsələlər müzakirə oluna bilərdi. Söhbət ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası məsələlərindən, Zəngəzur dəhlizinin işə salınmasından, nəqliyyat kommunikasiyalarının bərpası istqamətində real addımlar atılmasından gedir. Bütövlükdə sülh müqaviləsinin imzalanması əsas müzakirə məsələsi ola bilərdi. Amma Ermənistana bu lazım deyil. Rəsmi İrəvan ya sülh müqaviləsi imzalamaq istəmir, ya da müddəti maksimum uzatmaq istəyir. Bu səbəbdən belə hərbi təxribata imza atmaqla ya Vaşinqton danışıqlarının mümkün olmamasını təmin etmək istəyir, ya da olacağı təqdirdə fundamental məsələlərin kölgədə qalması, atəşkəs və onun qorunub-saxlanılması, pozulmaması, regionda gərginliyə şərait yaradan mühitin ləğvi kimi məsələlərin qabardılmasını istəyir. Ermənistanın ümumi məsələləri ön plana çəkmək niyyəti var. Bu da onların dəfələrlə sınaqdan çıxardıqları üsuldur. Amma Ermənistan belə təxribatlarla uzağa gedə bilməyəcək. Ermənistanın müharibə etməyə gücü, potensialı yoxdur. Gücü çatanda da elə bu cür hərbi təxribatlara çatır. Getdikcə bu imkanlar da məhdudlaşır. Bir şeyi də unutmasınlar ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və onun formalaşdırdığı tarixi zəfərə imza atmış Ordunun da bir səbri, bu səbrin isə bir limiti var, tükənə bilər. Tükənəcəyi təqdirdə Ermənistanı hansı fəlakət gözləyir, gərək, Ermənistan bunu gözə alsın, düşünsün və nəticə çıxartsın”.