Siyasət 18 May 2023, 23:23 | Baxış sayı: 86
“UNESCO Azərbaycanın dağıdılmış 22 böyük muzeyi barədə bir cümlə belə açıqlamaması təəssüf doğurur”

“Artıq 46 ildir ki, dünyada mədəni əməkdaşlığın inkişafına kömək etmək, muzeylərin cəmiyyətin həyatında roluna diqqət çəkmək üçün hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Azərbaycanın ilk muzeyi Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub. Bakıda isə XX əsrin əvvəllərində Ümumrusiya Texniki Cəmiyyətinin nəzdində qapalı muzeylər yaradılıb. Lakin bu muzeylər daha çox istismarçı niyyətlə formalaşdırılıb və aşkarlanıb təhvil verilən ən qiymətli arxeoloji əşyalar buradan Tiflis, Moskva, Peterburqa göndərilib. 1919-cu ildə təməli qoyulmuş ilk milli muzey isə 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib və Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. Sovetlər periodu, xüsusən 1969-cu ildə ümummilli liderin hakimiyyətə gəlişi Azərbaycanda muzey mədəniyyətində yüksəliş dövrü hesab edilir. Lakin 1987-ci ildə onun siyasi hakimiyyətdən uzaqlaşdırılması muzey fəaliyyətinə də ciddi təsir etdi və muzeylərimizin balansında olan xeyli qiymətli nümunə yenidən "mərkəzə" daşındı”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

 

B.Məhərrəmov qeyd edib ki, AXC-Müsavat hakimiyyəti illəri isə muzeylərin talanma dövrüdür və o zaman itmiş nadir eksponatların bir qismini hələ də tapmaq mümkün olmayıb: “Bu antimilli hakimiyyətin milli mədəniyyətimizə zərbələri bununla kifayətlənməyib, məhz onların xəyanəti ilə baş tutan erməni işğalı ötən əsrin 90-cı illərini yalnız Azərbaycan yox, bütövlükdə dünya muzey mədəniyyəti üçün qara səhifəyə çevirib. Erməni vandalları 30 il davam edən işğal dövründə çox zəngin fonda malik 22 Azərbaycan muzeyini dağıdaraq 40 mindən artıq çox nadir eksponatı talan edib. Aparılması mümkün olmayan eksponat və abidələr isə qəsdən məhv edilib. Nəzərinizə çatdırım ki, I və II Dünya müharibələrində qənimət kimi muzeylərin talanması halları qeydə alınsa da, o dövrdə bir dənə də olsun muzeyin qəsdən məhv edilməsi faktına rast gəlinmir. Bu mənada XX əsrin sonunda muzeylərimizin məruz qaldığı bu vəhşiliyin, erməni barbarlarının törətdiyi bu müharibə cinayətlərinin tarixdə analogiyası yoxdur və yalnız V əsrdə Qərbi Roma İmperiyasına vandalların hücumu ilə müqayisə oluna bilər”.

 

Deputat vurğulayıb ki, işğala son qoyulan kimi Müzəffər Ali Baş Komandanın tapşırığına müvafiq olaraq ilk növbədə bərpa planına salınan obyektlər sırasında muzeylər də var və şəxsən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətində bu istiqamətdə çox ciddi işlər görülməkdədir: “Bildiyiniz kimi, artıq  bir neçə ev-muzeyi yenidən öz tarixi simasını bərpa edib. Elə bu il 8-10 may səfərində cənab İlham Əliyev və Mehriban xanım Əliyeva Şuşada bu qəbildən Mehmandarovların bərpa olunmuş mülkünün açılışını etdilər. Əlbəttə, aydındır ki,  Azərbaycan bu bəşəri cinayətin - kulturasidin nəticələrini aradan qaldırır və qaldıracaq. Lakin dünyanın aidiyyəti təsisatlarının, xüsusən UNESCO-nun bu məsələdə susqunluğu, yerlə-yeksan edilmiş min illik mədəni dəyərlərə göz yumaraq, olmayan erməni irsi davası aparması, heç deyilsə rəsmiyyət xatirinə, bugünkü gündə Azərbaycanın dağıdılmış 22 böyük muzeyi barədə bir cümlə belə açıqlamaması təəssüf doğurur və dünya ictimaiyyətinin belə əlamətdar günləri xüsusi qeyd etməsinin məqsədlərini sual altına alır”.

Xəbərlər